“Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarında monitorinq işləri aparılıb

“Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarında monitorinq işləri aparılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin illik iş planına əsasən Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında yerləşən yataqlarda ildə iki dəfə (qış-yay və ya yaz-payız fəsilləri) ətraf mühitin vəziyyətinin monitorinqi üzrə dəniz ekspedisiyası keçirilir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqin mövsümlər üzrə aparılmasında məqsəd - su qatının stratifikasiyası dövrlərində dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdən ibarətdir. Tədqiqat zamanı əsas diqqət su səthinin və dəniz dibinin kimya və biologiyasına yönəldilir.

Bu məqsədlə ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin istismarında olan "Ələt-dəniz" və "Bulla-dəniz" yataqlarında növbəti ekoloji monitorinq işləri aparılıb. "MPK-452" gəmisi vasitəsilə həyata keçirilmiş monitorinq müddətində Xəzər dənizinə təsir göstərən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın seçilən stansiyalarından dəniz suyu, zooplankton və dib çöküntüsü nümunələri götürülüb. Monitorinq zamanı həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikaları öyrənilmiş, dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıbr. "MPK-452" gəmisi vasitəsilə su mühitinin müxtəlif dərinliklər üzrə fiziki-kimyəvi parametrləri tədqiq edilmiş və yaz mövsümündə aparılan ekoloji monitorinqin nəticələri ilə müqayisə olunub. Aparılan müqayisəli təhlil zamanı "Ələt-dəniz" yatağında dəniz suyunun duzluluğunun mövsümlər üzrə dəyişməsi müəyyən edilib. Götürülən nümunələr Kompleks Tədqiqat Laboratoriyasında ətraflı tədqiq edildikdən sonra alınan nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə