Merkelin regiona səfərinin iqtisadi tərəfləri... ŞƏRH

Merkelin regiona səfərinin iqtisadi tərəfləri... ŞƏRH

“Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir”. SİA-nın xəbərinə görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Almaniyanın Avropa Birliyində və o cümlədən avrozonada aparıcı dövlət hesab olunduğunu deyən ekspert bildirib ki, 3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatı həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür: “

Bundan əlavə Almaniya 1.4 trilyon dollarlıq ixracla dünyada üçüncüdür. Belə ki, dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır”.

V. Bayramov söyləyib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur: “Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trayektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Bu baxımdan gözlənilir ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək”.

Ekspertin sözlərinə görə, Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir: “Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri qısa müddətli olsa da belə region üçün əhəmiyyətli hesab oluna bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə