Bakıda CAMCA Regional Forumu keçirilir

Bakıda CAMCA Regional Forumu keçirilir

Bu gün ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb. SİA xəbər verir ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin hökumət qurumlarının, biznes sektorunun və elmi dairələrin yüksək səviyyəli nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Birləşmiş Ştatların hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirirlər. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq CAMCA Regional Forumunun bu ali təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib. Rektor Forumda səmərəli müzakirələrin aparılacağına, iştirakçıların Azərbaycanla yaxından tanış olacaqlarına, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə əminliyini bildirib.

Forumda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini söyləyib. Baş nazir deyib ki, bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumlar dövlətlərarası münasibətlərin formalaşmasında böyük rol oynamalı, tənzimləmə prosesində iştirak etməlidir. Ramsfeld Fondu kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, eyni zamanda, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir. Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan Qərblə, Avropa ilə daha sıx əməkdaşlıq etmək yolunu seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir. Azərbaycan indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirib.

Xatırladaq ki, bundan əvvəl CAMCA forumları 2014-cü ildə Astanada, 2015-ci ildə Ulan-Batorda, 2016-cı ildə Tbilisidə, 2017-ci ildə isə Düşənbədə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə