“Yaşıl çay” MMC İranın çayçılıq üzrə tanınmış elm mərkəzi ilə əməkdaşlıq edəcək
“Yaşıl çay”FT MMC yarandığı gündən çayçılığı inkişaf etdirməyi özünün əsas məqsədi kimi ortaya qoyub. İndiyədək 70 hektara yaxın sahədə çay əkini keçirən təsərrüfatda 2 ilə yaxındır ki, burada yüksək keyfiyyətli yaşıl çay yarpağı toplanır. Yığımı artırmaqla yanaşı “Yaşıl çay” təsərrüfatı çayın emalına da başlayıb. Ölkə rəhbərliyinin çayçılığın inkişafı üçün yaratdığı münbit şəratdən bəhrələnən təsərrüfatın rəhbəri İqtisadiyyat Nazirliyindən “İnvestisiya Təşviqi Sənədi”ni alıb. Bütün vergilərdən 7 ilə azad olan iş adamı bu vaxta qədər Çin Xalq Respublikasından, İran İslam Respublikasından müxtəlif avadanlıqlar alaraq mini çay emal sexini istifadəyə verib.
Burada 16 növdə keyfiyyətli qara çay məhsulları istehsal olunur. Təsərrüfatın rəhbəri Araz Yağubov əldə edilən uğurlarla kifayəyətlənməyərək daha müasir avadanlıqlar, elmi nailiyyətlərdən faydalanmaq üçün var gücünü əsirgəmir. Araz Yağubov bu yaxınlarda rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Vüsal Cəfərovla müasir çay emalı avadanlıqları almaqdan ötrü İİR-nin Rəşt şəhərində olarkən burada fəaliyyət göstərən Gilan vilayəti uzrə elm və texnoloji parkı və çay tədqiqat Mərkəzinə də baş çəkib.Burada Mərkəzin direktoru Motteqi Tələb ilə görüşüb. Görüş zamanı çayçılığın inkişaf perspektivləri barədə ətraflı söhbət aparıblar. Səmimi və maraqlı keçən görüşdə qərara alınıb ki, bu əməkdaşlığı daha sıx surətdə davam etdirsinlər. Araz Yağubov İranın tanınmış çayçılıq üzrə mütəxəssisinə onlara ayırdıqları vaxta və diqqətə görə təşəkkür edib, cənab Motteqi Tələbi Azərbaycana “Yaşıl çay” fermer təsərrüfatına dəvət edib.
Motteqi Tələb bu görüşdən məmnun olduğunu bildirərək tezliklə Lənkəran raonuna, “Yaşıl çay” fermer təsərrüfatına gələcəyini söyləyib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB