Şirzad Abdullayev: “Verilmiş güzəştli kreditlərin 99,8%- i respublikanın regionlarının payına düşür”

Şirzad Abdullayev: “Verilmiş güzəştli kreditlərin 99,8%- i respublikanın regionlarının payına düşür”

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2010-cu ilin 9 ayının yekunlarına dair hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, Sahibkarlığa Kömək Milli Fondunun yeni binasında keçirilən tədbirdə hesabatla yanaşı qəbul olunan layihələrin adları da açıqlanıb.

Tədbiri giriş sözü ilə açan Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev fondun 9 aylıq fəaliyyətindən söz açaraq qazandıqları uğurları sadalayıb. O qeyd edib ki, regionlar üzrə ümumilikdə 21 tədbir keçirilib və həmin tədbirlərdə iştirak etmiş 6000-ədək sahibkara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verilib: "Maliyyələşdirilməsi qərara alınmış 1 076 layihə üzrə ümumi kredit tələbatı 106 110,2 min manat təşkil edib. Maliyyələşdirilməsi qeyri-məqbul hesab edilmiş 40 sahibkarlıq subyekti layihələrində olan çatışmazlıqları aradan qaldıraraq təkrarən müraciət edib. Onların investisiya layihələrinin maliyyələşdirilməsi məqbul hesab edilib. O cümlədən, müvəkkil kredit təşkilatlarının regionlar üzrə 277 filial şəbəkəsi yaradılıb.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda keçirilmiş tədbirlərdə yerli icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlıq subyektləri ilə onların təmsil olunduqları rayonların inkişaf perspektivləri, təbii ehtiyatları və mövcud iqtisadi potensialı nəzərə alınmaqla, güzəştli şərtlərlə maliyyələşdirilməsi zəruri olan sahələrin müəyyənləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

O cümlədən, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin təsirinə məruz qalmış rayonlarda fəaliyyət göstərən 120 sahibkara cari ilin ötən 9 ayı ərzində 9.1 milyon manatadək məbləğdə güzəştli kreditlər verilib. Respublikanın sərhəd və cəbhə bölgələrində yerləşən rayonlarda 15 tədbir keçirilib. 715 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 30.1 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 2060 yeni iş yerlərinin yaradılması nəzərdə tutulub. O cümlədən, 1168 müraciətə baxılmış və 1076, o cümlədən respublikanın iqtisadi rayonları üzrə 1073 investisiya layihəsinin maliyyələşdirilməsi qərara alınıb".

"Qeyd edək ki, maliyyələşdirilməsi məqbul hesab edilmiş investisiya layihələrinin 94,7%-i aqrar sektorun inkişafı yönümlü layihələrdir. Maliyyələşdirilməsi məqbul hesab edilmiş layihələr üzrə kreditə olan təlabatın 77,3%-i aqrar sektorun payına düşür. Müraciət etmiş 1 168 sahibkarlıq subyektindən 1076-nın investisya layihəsinin maliyyələşdirilməsi məqbul hesab edilib. 1016 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 81037.2 min manat məbləğində güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlərin 99,8%- i respublikanın regionlarının payına düşür. Maliyyələşdirilmiş layihələrin 94,7%-i aqrar sektorun inkişafının dəstəklənməsinə yönəldilib. Verilmiş güzəştli kreditlərin 76,1%-i aqrar sektorun inkişafının dəstəklənməsinə yönəldilib". Fondun rəhbəri Şirzad Abdullayev deyib.

Daha sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edərək bildirib ki, Azərbaycanın 140 ölkə ilə ticarət əlaqələri olub və bu sahədə bir çox layihələrə imza atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə