Naxçıvanda yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır

Naxçıvanda yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır

Muxtar respublikada yeni nəsil avtomat telefon stansiyalarının quraşdırılması işləri davam etdirilir. Ötən il Naxçıvan şəhərinin Zərifə Əliyeva küçəsində 720, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384, Qarahəsənli kəndində 512, Babək rayonunun Payız kəndində 384, Gərməçataq kəndində 64, Ordubad rayonunun Üstüpü kəndində 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilib. Naxçıvan şəhərinin Tumbul kəndində 448, Qaraxanbəyli kəndində 640, Şərur rayonunun Ələkli kəndində 512 nömrəlik mövcud avtomat telefon stansiyalarının yeni istifadəyə verilən kənd mərkəzlərinə köçürülməsi və xətt təsərrüfatının yenidən qurulması təmin edilib.

Şahbuz rayonunun Türkeş və Şada kəndlərinin hər birində 160 nömrə tutumlu kareltipli yeni avtomat telefon stansiyaları quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Ötən ilin mayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Ordubad rayonu ərazisində yeni nəsil telefon stansiyalarının qurulması ilə bağlı imzalanan müqaviləyə əsasən, rayon ərazisindəki mövcud 29 ədəd “Daewoo” və kareltipli avtomat telefon stansiyaları dəyişdirilərək yeni nəsil avtomat telefon stansiyaları ilə əvəzlənib. Bundan əlavə, əvvəllər avtomat telefon stansiyası olmayan Azadkənd, Vələver, Kələki, Qoşadizə, Xanağa kəndlərində və Ordubad şəhərinin Nəcəfqulu Rəfiyev küçəsində, ümumilikdə, 34 yeni nəsil avtomat telefon stansiyası montaj olunaraq istifadəyə hazırlanıb. Yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə bağlı Dəstə Radio Televiziya Verici Stansiyasının binasında yerləşən qovşaqdakı optik multipleksorlar daha müasir yeni SDH avadanlığı ilə əvəz olunub. Ordubad rayonunda NGN şəbəkəsi və avadanlıqların quraşdırılması, yeni prefikslərin ayrılması ilə əlaqədar avadanlıqların muxtar respublikanın telekommunikasiya sisteminə inteqrasiyası işləri icra edilib.

Yeni ATS-lərin qurulması və mövcud stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ötən il 2 min 562 ədəd yeni telefon nömrəsi istismara verilib. Yeni ATS qurulan ərazilərin kabelləşdirilməsi, kabel təsərrüfatının normativə uyğunlaşdırılması və cari təmir işlərinin icrası üçün 2017-ci ildə 193 min 836 metr rabitə xəttinin və 70 min 155 metr fiber-optik xəttinin tikintisi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə