Mərkəzi Bank rəsmisi: “Bankların bir çoxu kredit faizlərini aşağı salmağa başlayıb”
"Bankların bir çoxunda kredit əməliyyatları üzrə aktivlərin, həm də depozit əməliyyatları üzrə faizlərin aşağı salınması siyasəti seçilib". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov bildirib. O, qeyd edib ki, artıq bu istiqamətdə proses gedir və bütövlükdə depozit bazasında ucuzlaşma müşahidə olunur: "Aktiv kredit əməliyyatlarının təsiri üçün müəyyən vaxt lazımdır. Şübhəsiz ki, bu təsir edəcək. Artıq yeni verilən kreditlərdə faizlərin aşağı düşməsini görmək olar. Bütövlükdə mətbuat orta statistik rəqəmlərdən istifadə edir. Yəni verilən kreditlərin xüsusi çəkisi aşağı olduğuna görə, faizlərin aşağı düşməsini görmək olmur. Amma yeni verilən kreditlərə baxsaq, şübhəsiz ki, orada azalmalar var. Bu baxımdan koorperativ sektorlara banklar 16,17 faizlə, istehlak kreditləri bahalı məhsul sayıldığına görə, daha riskli olması ilə əlaqədar faiz dərəcələri çox yüksək olur. Şübhəsiz ki, burada da azalmalar olacaq".
Azərbaycan bank sektorunda problemli kreditlərin həcmində artım müşahidə olunmadığnı bildirən AMB rəsmisi bildirib ki, cari ilin ilk yarısında bu sahədəki vəziyyət tam sabitləşib: "Əksinə, mövcud olan problemlərin həlli istiqamətində işlər görülür və həmin kreditlərin geri qaytarılması sahəsində artıq bankların müsbət nəticələri də var. Cari ilin sonuna kimi daha yaxşı nəticələr gözlənilir".
R.Orucov həmçinin qeyd edib ki, ölkədə fəaliyyət göstərən bankların xaricdən vəsait cəlb etməsində ciddi problemlər yoxdur: "Sadəcə, bankların özündə likvidlik səviyyəsi yüksəkdir. Bu səbəbdən banklar xaricdən vəsaitin cəlb edilməsində aktivlik göstərmir. Ehtiyac olduğu halda xaricdən vəsaitin cəlb edilməsinə və ya yenidən maliyyələşmə üçün imkanlar var".
AMB Departament direktoru bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2010-cu il sentyabr ayının 1-nə 423,7 mln. manat təşkil edib və bu, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Qeyd edək ki, AMB-nin rəsmi məlumatlarına əsasən, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə son bir ildə 1,2 faiz bəndi artaraq 4,8%-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB