ARDNŞ əməkdaşları üçün təlim kursu təşkil edir

Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi layihələr və qarşısında duran vəzifələr müvafiq kadrların seçilməsi, səmərəli yerləşdirilməsi, onların saxlanılması, Şirkətdə işləməyə motivasiyaların artırılması, ixtisaslı kadr axıcılığının minimuma endirilməsi sahəsində aparılan tədbirlərin daha da təkmilləşdirilməsini tələb edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə işlərin düzgün qurulması üçün ARDNŞ-nin idarə və müəssisələrinin kadr xidmətlərinin mütəxəssisləri mütəmadi olaraq müvafiq ixtisasartırma kurslarına cəlb edilir və müasir beynəlxalq biznesin tələbləri səviyyəsində hazırlıq keçirlər.

Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində ARDNŞ müəssisələrinin kadrlar şöbələrinin rəisləri üçün təşkil edilən "Təsir. İdarəetmə. İnsayd" mövzusunda təlim kursu bu qəbildəndir. Təlim kursu Avstriyanın tanınan "Gustav Kaeser" treninq şirkəti tərəfindən keçirilib.

Bu şirkət 50 ildən artıqdır ki, fəaliyyət göstərir və ötən müddət ərzində bir çox unikal metodlar, o cümlədən İsveçrə müəllif hüquqları ilə qorunan "İnsayd-analiz" metodları işləyib hazırlanıb. Dünyanın müxtəlif ölkələrində maraqları olan, çoxminli heyətə, çoxpilləli idarəetmə sisteminə malik təşkilatlarla (BP, Şell, Simens, Boş, Lufthanza və s.) işləmək sahəsində zəngin təcrübə əldə edən "Gustav Kaeser" treninq şirkəti Mersedes, Porşe, TTC və s. şirkətlərinin kadr xidmətlərinin yaradılmasında birbaşa iştirak edib. Təlim kursu 5 və 8 oktyabr tarixlərində davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə