Enerji istehsalı niyə azalıb? – Rəsmi

Enerji istehsalı niyə azalıb? – Rəsmi

Azərenerji ASC istehlakçıların tələbinə uyğun olaraq elektrik enerjisi istehsal edir. Bu sözləri açıqlamasında "Azərenerji" ASC-nin İctimaiyyətlə Əlaqələr və Mətbuat Xidmətinin rəisi Yəhya Babanlı söyləyib.

Xidmət rəisi ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqustunda elektrik enerjisi istehsalının azalmasını tələbatla əlaqələndirib: “İstehlakçıların tələbinə uyğun olaraq biz elektrik enerjisini istehsal edirik. Bizdə əlavə ehtiyac güclərimiz yetərincə var. Statistika Komitəsinin açıqlamalarında da dəfələrlə rəqəmlər göstərilib ki, Azərbaycan Gürcüstana il ərzində nə qədər elektrik enerjisi satır. Deməli, biz nəinki daxili tələbatı ödəyirik, hətta lazım olarsa, kənara da elektrik enerjisi satışı ilə məşğul ola bilirik. Bu nöqteyi-nəzərdən burada azalma daha çox infrastrukturun yenilənməsi və itkilərin azaldılması ilə bağlıdır”.

Y.Babanlı həmçinin “Azərenerji”nin istehsal zamanı enerji itkisinin 20% olması ilə bağlı yayılmış məlumatların doğru olmadığını söyləyib: “Yox, təbii ki, bu məlumat doğru deyil. Bu rəqəm absurddur. Azərbaycanda bu gün ən son texnoloji yeniliklərin tətbiq edilməsi nəticəsində enerji istehsalı zamanı itkilər minimuma endirilib. Yəni, dünya praktikasına tam uyğunlaşıb. Ən inkişaf etmiş dövlətlərdə bu hansı faizdirsə, bizdə də o faizdir”.

Xatırladaq ki, "Azərenerji"nin açıqladığı rəsmi məlumata görə, bu ilin avqustunda elektrik enerjisi istehsalı 2,009 mlrd. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 mln. kVt/saat, yaxud 2,9% azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə