Türkiyəli nazir: "Əsas məqsəd Azərbaycanla iqtisadi əlaqələri gücləndirməkdir"
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə- Azərbaycan-Gürcüstan gömrük nazirlərinin toplantısı üçün ölkəmizə gələn Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə birlikdə türk və azərbaycanlı iş adamları ilə görüş keçiriblər. SİA-nın xəbərinə görə, görüşdə ilk çıxış edən türkiyəli nazir Bülent Tüfenkçi Bakıya gəldiyinə görə sevinc hissi duyduğunu bildirməklə yanaşı, yüksək səviyyəli qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edib.
Tədbirin məqsədini açıqlayan nazir söyləyib ki, bugünkü görüşdə türkiyəli iş adamları ilə Azərbaycanda iş qurmaqla bağlı məsələlər, eyni zamanda müəyyən problemlər müzakirə olunacaq: "Azərbaycan-Türkiyə arasında tək iş birliyi deyil, sıx dostluq, qardaşlıq əlaqələri var. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Son illər ölkələr arasında ticarət əlaqələrəmiz aşağı düşüb. Belə ki, 2014-cü ildə ticarət dövriyyəmiz 3 mlrd. dollar, 2015-ci ildə 2,1 mlrd. dollar, ötən il isə 1,5 mlrd. dollar olub. Buna baxmayaraq, ölkələrimiz ticarət dövriyyəsinin artırılması üçün potensiala malikdir".
Ötən il 15 iyul hadisələrinin Türkiyə iqtisadiyyatını zəiflətdiyini xatırladan B. Tüfenkçi qeyd edib ki, baş verənlərə baxmayaraq, xalqımız öz iqtisadiyyatına sahib çıxa bildi: "Bizim əsas məqsədimiz Azərbaycanla mövcud iqtisadi əlaqələri gücləndirməkdir. Bundan əlavə, Biz Azərbaycan Gürcüstan Türkiyə üçlük əlaqələrinin inkişafına da önəm veririk. Bizim birlikdə çox mühüm layihələrimiz var. Bakıya toplaşmağımızda da məqsəd bir sıra layihələri müzakirə etməkdir. Türkiyə -Gürcüstan -Azərbaycan ticarət- gömrük əlaqələrinin möhkəmləndirilməsi vacibdir. Sabahkı üçlü görüşdə də bu məsələ ətrafında fikir mübadiləsi aparacağıq. Bizim digər layihəmiz Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir ki, buna çox önəm veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB