İqtisadi böhranın Azərbaycana təsirləri Sürixdə müzakirə olunub
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu Ümumdünya Cəmiyyəti Fondunun və Sürix Universitetinin 9-12 sentyabr 2010-cu ildə Sürix şəhərində təşkil etdiyi "Qlobal maliyyə böhranının qavranması və təsirləri" mövzusunda beynəlxalq konfransda iştirak edib.
SİA-ya İTM-dən verilən məlumata görə, konfransda ABŞ, Böyük Britaniya, İsveçrə, İtaliya, Almaniya, Hindistan və İndoneziyanın akademik dairələrinin və nüfuzlu universitetlərinin nümayəndələri, beynəlxalq təşkilatların məsul işçiləri iştirak edib.
Konfransda Mərkəzi və Şərqi Avropanın təmsilçisi kimi çıxış edən Qubad İbadoğlu qlobal maliyyə böhranının bölgəyə və xüsusi olaraq Azərbaycana təsirlərindən və onun dəf edilməsi üçün milli hökumətlərin həyata keçirdiyi antiböhran tədbirlərindən danışıb.
O, çıxışında qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək öz müvazinətini itirməməsinin, böhran ilində bölgədə ən yüksək artım göstəricisini qoruya bilməsinin əsas səbəbi böhrandan öncəki dövrdə neft hasilatı və ixracatı hesabına yaradılmış və böhran dövründə "təhlükəsizlik yastığı" rolunu oynayan valyuta ehtiyatlarının bir hissəsinin xərclənməsi olub.
Çıxışında Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranından az təsirlənməsini, həmçinin milli iqtisadiyyatda artım tempinin kapital və maliyyə qaynaqlarından qidalanmaması və böhran ilində təbii resursların istismarı səviyyəsinin yüksəlməsi, istehsal olunmuş xammal resurslarının ixracatı ilə bağlılığını sübut edən Qubad İbadoğlu Azərbaycanda postböhran dövrünün spesifik problemlərindən danışaraq onun xüsusi olaraq əmək bazarına və kapital qoyuluşlarına mənfi təsirlərini diqqətə gətirib.
O qeyd edib ki, qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına neqativ təsirləri heç də rəsmilərin bəyan etdiyi kimi səngiməyib, bu istiqamətdə mənfi tendensiyaların davam etməsindən milli iqtisadiyyat, xüsusilə də biznes mühiti və ev təsərrüfatları hələ də əziyyət çəkməkdədir. İTM rəhbəri misal olaraq son dövrlərdə Azərbaycanda banklar və şirkətlər, eləcə də banklar və vətəndaşlar arasında yeni yaranmış borclar böhranını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB