Qarabucaq dəmir yolu stansiyasının baş yolları əsaslı təmir olunur

Qarabucaq dəmir yolu stansiyasının baş yolları əsaslı təmir olunur

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA verdiyi məlumata görə, bu gün Qarabucaq stansiyasının 2 250 metr uzunluğunda tək və cüt yollarının əsaslı təmirinə start verilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri üç gün müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 300 km dəmir yolu əsaslı təmir olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə