Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi treninq keçirir

Azərbaycan Mərkəzi Bankı pul siyasətinin effektivliyinin artması istiqamətində tədqiqat potensialının genişləndirilməsini davam etdirir. SİA-nın məlumatına görə, bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) iqtisadi proseslərin hərtərəfli modelləşdirilməsi və proqnozlaşdırmasına imkan verən "Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması" mövzusunda treninq təşkil edib.

Sentyabrın 13-15 tarixlərində keçirilən treninq dinamik stoxastik ümumi tarazlıq modelinin riyazi-analitik əsasının hazırlanması və ekonometrik metodlardan istifadə etməklə qiymətləndirilməsinə dair məsələlərə həsr olunub. Dünyanın qabaqcıl mərkəzi banklarında istifadə olunan dinamik stoxastik tarazlıq modelləri iqtisadi tsikllərin dərin tədqiqinə və real biznes tsikl modellərinin hazırlanmasına imkan verir. Treninq nəticəsində əldə olunacaq biliklərin iştirakçıların iqtisadi proqnozlaşdırma potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.

Treninq Polşa Milli Bankının iqtisadiyyat üzrə müşaviri Marsin Kolasa və iqtisadiyyat üzrə eksperti Andrzey Koçiecki tərəfindən ingilis dilində aparılır.

Treninqdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Dövlət Neft Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mərkəzi Bankının və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə