Millət vəkili: "Çayçılıq inkişaf etdirilir" AÇIQLAMA

Millət vəkili: "Çayçılıq inkişaf etdirilir" AÇIQLAMA

Çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Masallı, Astara və Lənkəranda qoyulub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova deyib. Onun sözlərinə görə, yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır: "Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Masallı rayonu öz əhəmiyyəti ilə diqqət çəkir. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. Azərbaycanda çayçılığın inkişafı ilə bağlı işlər görülməkdədir. Masalının Kolatan kəndində bələdiyyə torpaqlarında iki yüz hektar sahədə çay əkilib, həmçinin bu rayonda çay plantasiyaları mövcuddur. Gələcək zamanlarda isə şəxsi torpaqlarda çay əkilməsi nəzərdə tutulur. Çayçılıqla məşğul olmaq uzun vaxt tələb edən bir prosesdir. Çayın əkilməsi və becərilməsi ən az 7 il vaxt tələb edir. Sonra isə çay məhsulu əldə edilir. Çayın əkilməsi və becərilməsi vaxt tələb etdiyindən, bir çox çayçı-fermerlər bu prosesə başlamaq arzusunda deyildilər. Bunun üçün xüsusilə cənub zonasında yeni çay plantasiyalarının salınması, mövcud plantasiyaların bərpası üçün müəyyən işlərin aparılmasına və çayçı-fermerlərin həvəsləndirilməsinə ehtiyac var idi. Bunu nəzərə alaraq yaxın zamanlarda maraqlı bir layihə nəzərdə tutulur ki, fermerlərin həvəsləndirilməsi üçün kredit ayrılsın. Layihədə həmçinin Yaponiyadan çay kollarının gəlməsi və bu torpaqlarda əkilməsi nəzərdə tutulur. Çay uzun vaxta məhsul verdiyindən bu illər ərzində həmin insanlara müəyyən vəsait verilir ki, bu sahələrə baxsınlar. Çay məhsul verdikdən sonra çayçı- fermerlərdən çay alınacaq və xeyli miqdarda pul veriləcək. Hazırda bu layihənin reallaşması istiqamətində işlər görülür".

Elmira Axundova qeyd edib ki, Masallıda təcrübəli təsərrüfat rəhbərləri, sahibkarlar var. Ölkə başçısının aqrar sahəyə diqqətinin artırılması, ənənəvi çayçılığı inkişaf etdirmək səyləri inamı artırır. Məhz bu zəmində rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin inkişafı heç də çətinlik törətməyəcək. Əsas məqsəd odur ki, mövcud potensial və imkanlar öyrənilərək hərəkətə gətirilsin. Rayon rəhbərliyinin bu yöndə atdığı addımlar nəticə verir. Azərbaycan keyfiyyətli çaylarını xarici ölkələrə çıxarmalıdır. Çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək.

Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksək keyfiyyətli çayın ixracına, yeni iş yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün "Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı"nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə