YAP Samux rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib FOTOLAR

YAP Samux rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib FOTOLAR

Aprelin 18-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları öncə rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra tədbir Samux rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov hesabat məruzəsi ilə çıxış edərək VI konfransdan ötən dövr ərzində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb.

Təşkilat sədri diqqətə çatdırıb ki, YAP Samux rayon təşkilatının 5328 nəfər üzvü 82 ilk partiya təşkilatında birləşib. Vurğulanıb ki, VI konfransdan keçən müddət ərzində 1692 nəfər YAP sıralarına qəbul edilib. YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən G. Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb.

Onun sözlərinə görə, partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub: "Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib".

Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Şakir Məmmədovun məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər - Qarayeri 1 saylı məktəb-liseyin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbin müəllimi Aynur Qəhrəmanova, Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev və digərləri rayon təşkilatının VII konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov çıxış edərək Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğuru siyasi kursun dayanıqlı inkişafı təmin etdiyini, Azərbaycan beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqyasda ictimai-siyasi sabitliyin təmin olunduğu, demokratik ölkə kimi tanınır.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, Milli Məclisin deputatı Naqif Həmzəyev, partiyanın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıblar, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.

Sonra konfransın qətnaməsi qəbul edilib.

Konfransda, həmçinin təşkilati məsələlərə baxılıb, YAP Samux rayon təşkilatının 31 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib, Gündüz Bayramov yenidən rayon təşkilatının sədri seçilib.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə