İnvestorlar hərraca sərmayə yatırır

İnvestorlar hərraca sərmayə yatırır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən hərraclar davam edir. Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, komitə tərəfindən növbəti belə bir hərrac 04 aprel tarixində keçirilib: "Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, eləcə də 8-i nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Belə ki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax və Quba rayonlarında yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Quba rayonunda yerləşən "Şahmehi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir və Kürdəmir rayonlarında yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub".

Ramil Osmanlı qeyd edib ki, hərracda özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılır onların fəaliyyəti genişləndirilir. Belə ki, özəlləşdirilən əmlaklar sahibləri tərəfindən kapital qoyulmaqla, biznes obyektinə çevirilir. Nəzərə alsaq ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına ehtiyac var, bu baxımdan da özəlləşdirmənin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu proses həm iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, həm də investisiya mühitinin sağlamlaşdırılması baxımından əlverişlidir. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır".

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə