Ramil Osmanlı: "Yeni hərrac elan olunub"

Ramil Osmanlı: "Yeni hərrac elan olunub"

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu hərraca ümumilikdə 146 dövlət əmlakı olmaqla 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb: "Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunan və qanunvericilikdə müəyyən olunan müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. 4 apreldə keçiriləcək yeni hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən "1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika", Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən "Qusar Tədarük Satış Bazası" və digərləri aiddir".

Ramil Osmanlı qeyd edib ki, hərraca çıxarılan müəssisələr sırasında Ağsu Sənaye İnşaat, Daşkəsən Aqrotexservis, Əli Bayramlı Kəndnəqliyyat, Lənkəran Mebel, Zaqatala Fındıq kimi iri dövlət əmlakları var. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə