OPEC-in razılaşmasına niyə əməl edilmir? EKSPERT RƏYİ

OPEC-in razılaşmasına niyə əməl edilmir? EKSPERT RƏYİ

"OPEC üzvlərinin neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 10 faiz əməl olunmur. Bu kontekstdən əldə olunan razılaşmanın monitorinq edilməsi və razılaşmaya əməl etməyən ölkələrdə bunun təmin edilməsinə ehtiyac var". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov fevralda OPEC-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılmasın dair aparılacaq müzakirələrə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın OPEC-lə razılaşmada öhdəlik götürən tərəflərdən, eləcə də digər ölkələr müqayisədə daha az neft hasil etməsinə baxmayaraq, ölkəmiz sözügedən razılaşmaya əməl edir.

Onun sözlərinə görə, OPEC-in razılaşmasına bütün tərəflərin əməl etməsinə ehtiyac var: "Öhdəliklərin əməl edilməsində problem bəzi ölkələrdə monitorinqin aparılmasına törədilən maneələrdir. Elə ölkələr var ki, orada monitorinq aparmaq mümkün deyil. Misal üçün İraqda öhdəliyə nə dərəcə əməl edilməsini müəyyən etmək kifayət qədər çətindir. Çünki İraqın idarə edilməsi ilə bağlı problem var. Bəzi yataqlar idarə edilməyən qrupların nəzarətindədir. Bəzi ölkələr az qənaət, daha çox istehsal etməklə çox gəlir əldə etməyə çalışırlar. Bu da təbii ki, OPEC-in şərtlərinə əməl edilməsinə imkan yaratmır. Bundan başqa, İranın da bildiyiniz kimi hasilatı əvvəlki səviyyəyə çatdırması ilə bağlı iddiaları var. Bu kontekstdən İranın sözügedən öhdəliklərə tam olaraq əməl etməsində problem yaradır".

Razılaşmanın əldə olunmasına gəlincə V. Bayramov qeyd edib ki, bunu söyləmək çox çətindir: "Çünki, mövcud razılaşma müəyyən müddətdən sonra yəni ilin ortasında başa çatır. Lakin reallıq ondan ibarətdir ki, OPEC-in bütün öhdəliklərinin əməl edilməsinə dair razılaşmanın olmasına ehtiyac var. Belə razılaşma olmasa nəticə etibarı ilə bu, neftin dünya bazarında qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər. O cümlədən əgər OPEC və digər neft hasil edən ölkələr neftin dünya bazarında qiymətinin stabil şəraitdə qalmasında maraqlıdırlarsa, o zaman öhdəliklərə birmənalı şəkildə əməl edilməsi və yeni hasilatın azaldılması ilə bağlı öhdəliklərin qəbul edilməsinə ehtiyac var. Bunun nə qədər real olacağı bəlli deyil. Amma Azərbaycan öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır və ölkəmiz OPEC və OPEC-ə üzv olmayan ölkələr üçün nümunə ola bilər. Baxmayaraq ki, Azərbaycanın post-neft dövründə gəlirlərə ehtiyacı var amma buna rəğmən ölkəmiz qlobal neft bazarında stabilliyin yaradılması üçün hasilatını azaldıb və bu öhdəlikləri yerinə yetirir".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Küveytin neft naziri Əssam əl-Marzuk bu gün verdiyi açıqlamasında bildirib ki, OPEC üzvləri neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi 92%, kartelə üzv olmayan ölkələr isə 50% yerinə yetirir. Onun sözlərinə görə, fevralda OPEC-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılması müzakirə ediləcək. Nazir dörd ölkənin adını çəkməsə də əlavə edib ki, əsas məqsəd razılaşmanın şərtlərinə 100% əməl olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə