Mərkəzi Bank müəllimlərə təlim keçib

Mərkəzi Bank müəllimlərə təlim keçib

Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə maarifləndirilməsi istiqamətində paytaxtın ümumtəhsil məktəblərinin Həyat Bilgisi fənn müəllimləri və ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 75 nəfər müəllimə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirib.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata gröə, 2016-cı il noyabr-dekabr ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı Təhsil İdarəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birlikdə 4 qrup üzrə təşkil edilmiş təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları barədə təqdimatlar keçirilmiş, mövzular üzrə interaktiv oyunlar və çalşmalar təşkil olunub. Həyat bilgisi fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai siniflər müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilib.

Təlimlərin yekununda qiymətləndirilmə aparılmış, iştirakçıların sualları cavablandırılıb və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar. Sertifikatların verilməsi mərasimi tərəfdaş qurumların iştirakı ilə birgə 8 fevral 2017-ci il tarixində Mərkəzi Bankda keçirilib. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilmiş, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilib.

Maliyyə maarifləndirilməsi istiqamətində hədəf qruplarından olan ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinin iqtisadi və maliyyə savadlılığının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu hədəf qrupları üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə