AZAL ilk Bakı-Küveyt-Bakı turist çarter reysini həyata keçirib

AZAL ilk Bakı-Küveyt-Bakı turist çarter reysini həyata keçirib

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti ilə Küveytin "AlKazemi Travel Agencies" turizm şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən AZAL ilk Bakı-Küveyt-Bakı turist çarter reysini həyata keçirib.

SİA-nın verdiyi xəbərə görə, 2017-ci ilin yanvar ayından sentyabr ayına kimi ilk mərhələdə 12 çarter reysinin yerinə yetirilməsi nəzərdə tutulub. Reyslər komfortlu Airbus А320 laynerləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtında yerləşən Şeyx Saad Hava Limanına yerinə yetiriləcək. Reyslərin əsas təyinatı - hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür. Qrupların bronlaşdırılması üçün "ALKazemi Travel Agencies" şirkətinin Azərbaycandakı Agenti "Silk Way Travel" şirkətinə müraciət etmək olar.

Bir həftə ərzində Azərbaycanda səfərdə olmuş küveytli turist qrupunun rəhbəri Hüseyn Ədul Ayu belə bir imkanın yaradılmasına görə AZAL-a və Küveytin "AlKazemi Travel Agencies" turizm şirkətinə minnətdarlığını bildirib. Keçən yay Küveytdən 500-ə yaxın turistin Azərbaycana səfər etdiyini bildirən qrup rəhbəri hesab edir ki, birbaşa reyslərin açılması Küveytdən olan turistlərin sayinı 3-4 minə artıracaq. "Biz Azərbaycan, Qəbələ, Şamaxı barədə çox eşitmişik, gəldik bu yerləri gözlərimizlə gördük, çox bəyəndik və yaxınlarımıza Azərbaycana səfər etməyi tövsiyə edəcəyik. Biz Azərbaycanı və buranın insanlarını çox sevirik", - deyə Hüseyn Əbul Ayu bildirib.

Azərbaycana heyran olduğunu bildirən küveytli turist xanım Səlva əl-Şihaf Şamaxıda onlara göstərilən xidmətdən çox razı qalıb. Ailəsi ilə birlikdə istirahət etdiyini söyləyən xanım Azərbaycanın görməli yerlərini seyr etmək üçün yenidən ölkəmizə gələcəyini deyib.

Küveytli turist Abdulla Əhməd isə Nabranda istirahət etdiyini və yüksək xidmət gördüyünü söyləyib. Azərbaycanda mənzərəli yerlərin çox olduğunu, oraları gördüyünə görə özünü xoşbəxt hiss etdiyini bildirib.

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, çarter reysinin açılışı iki ölkə arasında mövcud olan əlaqələrə müsbət təsir göstərəcək. "Səfirlik Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Küveytdə ölkəmizi tanıtmaq məqsədilə bir necə silsilə tədbir keçirib. Bu tədbirlər Küveyt əhalisində Azərbaycana böyük maraq yaradıb", - deyən səfir bildirib ki, Azərbaycana gəlmək istəyən Küveyt vətəndaşlarının sayı günü-gündən artır. Səfir xatırladıb ki, Azərbaycan hökuməti keçən Körfəz ölkələrinin vətəndaşları üçün viza rejimini sadələşdirib, artıq onlar Azərbaycan vizasını elə aeroportda ala bilirlər. Elxan Qəhrəmanov ümid edir ki, Küveyt tərəfi də Azərbaycan vətəndaşları üçün analoji şərait yaradacaq və Azərbaycan vətəndaşları da asanlıqla bu ərəb ölkəsinə turist səfərləri həyata keçirəcək.

Diplomat, həmçinin ümid edir ki, birbaşa çarter reysinin açılması Azərbaycanla Küveyt arasında biznes əlaqələrinə də müsbət təsir edəcək, işgüzar dairələrin nümayəndələri daha tez-tez görüşəcək və birgə layihələr həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə