2 gəmi beynəlxalq sertifikata layiq görülüb

2 gəmi beynəlxalq sertifikata layiq görülüb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha iki növ gəmisi dünyada nüfuzlu təsnifat təşkilatlarından sayılan Amerika Gəmiçilik Bürosunun (ABS) keyfiyyət sertifikatına layiq görülüb.

QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ABS-in Gəmiçilikdə "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi"nin (TKİS) tələblərinə uyğun növbəti xarici auditi keçirilib. Gəmiçiliyin donanmasına məxsus "Yarenqa" təchizat-yedək və "Şirvan" kran gəmiləri nümunə kimi beynəlxalq İSO sertifikatlaşması üçün auditə təqdim olunub.

Auditin proseduruna görə, aşkarlanan uyğunsuzluqlar barədə "Uyğunsuzluq plan"ları 30 gün ərzində ABS-in auditoruna təqdim olunub. Təqdim edilən materialları auditorlar yoxladıqdan sonra Gəmiçiliyin donanmasında olan bütün təchizat-yedək və kran tipli gəmilər 5 illik müddətinə uyğunluq sertifikatına layiq görülüblər.

Xatırladaq ki, Gəmiçilik 2015-ci ildə ABS tərəfindən İSO-nun beynəlxalq idarəetmə standartlarının tətbiqinə görə uyğunluq sertifikatına layiq görülüb. Donanmaya məxsus daha iki tip gəmi də İSO-nun keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi tələblərinə cavab verərək uyğunluq sertifikatı alıb. Daha əvvəl isə uyğunluq sertifikatına Gəmiçiliyin neft tankerləri, Ro-Ro sərnişin gəmiləri və quru yük daşıyan gəmiləri layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə