Naxçıvan Muxtar Respublikasında bu gün yüzlərlə növdə və çeşiddə yüksəkkeyfiyyətli məhsullar istehsal edən 330-dan çox istehsal-emal müəssisəsi fəaliyyət göstərir. Muxtar respublikanın paytaxtına ən yaxın rayon olan Babək rayonu əhali və təbii ehtiyatlar baxımından çox geniş potensiala malikdir. Qədim diyarın müasir iqtisadiyyatında Babək rayonu 520-dən artıq sahibkarlıq subyekti, o cümlədən 80-ə yaxın istehsal təyinatlı müəssisə ilə təmsil olunur. Həmin müəssisələrin fəaliyyəti rayon iqtisadiyyatının inkişaf etməsinə, əhalinin yerli məhsullara olan tələbatının ödənilməsinə, yeni iş yerlərinin yaradılmasına böyük töhfələr verir. Rayondakı təkcə istehsalyönümlü müəssisələrdə 250-dən çox iş yeri yaradılıb.
Şərur təbii sərvətləri və əhalisinin tarixi təsərrüfatçılıq ənənələri ilə təkcə Naxçıvan Muxtar Respublikasında deyil, ölkə miqyasında seçilən rayonlardandır. Muxtar respublikada sahibkarlığın təşviqi istiqamətində görülən işlər Şərurda da müxtəlif sahələrin inkişafı üçün əlverişli şərait yaradıb. Hazırda Şərurda 400-dən artıq müxtəlif profilli sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunlardan da 50-yə yaxını müxtəlif xammal ehtiyatları əsasında istehsal-emal fəaliyyəti ilə məşğul olur.
Culfa rayonu Naxçıvan Muxtar Respublikasının geniş əhali və torpaq ehtiyatlarına, əlverişli iqlim və mineral sərvətlərə malik olan digər ərazi vahidlərindən biridir. Culfalılar əkinçilik, bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olur, yüksək keyfiyyətli məhsul istehsal edirlər. Culfanın təbii-mineral sərvətləri hesabına istehsal olunan kərpic və üzlük daş, qazlı suların və dondurmaların istehsalında mühüm komponent olan bərk karbon qazı burada emal olunub alıcılara çatdırılır. Ümumilikdə, Culfa rayonunda 200-ə yaxın sahibkarlıq sahəsi və onlardan 44 emal-istehsal müəssisəsi vardır.
On iki il əvvəl yaradılmış Kəngərli rayonunun iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı məhsulları istehsalı mühüm yer tutur. Muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısı bu rayonda da kiçik və orta biznesin inkişafına şərait yaradıb, bir çox yeni emal müəssisələri fəaliyyətə başlayıb. Coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Kəngərlidə istehsal olunan məhsulların bazar imkanları genişdir. Burada fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər saldıqda, onların rayonun əksər yaşayış məntəqələrində olduğunu görməkdəyik. Bu, bir tərəfdən yerli işçi qüvvəsinin imkanlarından, digər tərəfdən də mövcud xammaldan maksimum istifadəyə imkan yaradır. Hazırda Kəngərlidə yerli xammal əsasında sement və daş məhsulları istehsal olunur. Rayonda istehsal olunan Naxçıvan sementinin, Qarabağlar mərmərinin keyfiyyəti hər kəsə məlumdur. Kəngərli rayonunun mərkəzində və digər kəndlərdə yaradılmış müxtəlif kiçik sahibkarlıq subyektləri də vardır ki, bu müəssisələrdə mebel, kərpic, şirniyyat məhsulları və çörək istehsal olunaraq xeyli sayda yerli sakin üçün iş yerləri yaradılıb.
Təbii və mineral ehtiyatlarla zəngin olan Şahbuz rayonunda kiçik sahibkarlığın inkişafı məqsədilə yaradılan istehsal və emal müəssisələri muxtar respublikamızda daxili bazarın yerli məhsullarla təmin olunması üçün böyük əhəmiyyət daşıyır.
Ordubad özünün sahib olduğu təbii sərvətləri, turizm ehtiyatları və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təkcə muxtar respublikamızda deyil, həm də ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Hazırda Ordubadda 21 emal tipli müəssisə vardır.
Naxçıvan şəhərində isə 35 profil üzrə 100-ə yaxın ixtisaslaşmış sənaye müəssisəsi vardır. Bu müəssisələrdə, ümumilikdə 2500-dən çox insan daimi işlə təmin olunub. Bu müəssisələrin əksəriyyəti muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük bir hissəsinin son 10-15 il ərzində işə salındığı həmin müəssisələrin bəziləri keçmişdə mövcud olmuş təcrübə əsasında yenidən qurulub, əksəriyyəti isə tamamən yeni yaradılıb.
Göründüyü kimi, sənaye müəssisələri paytaxt Naxçıvan şəhərindən tutmuş rayon mərkəzləri və kəndlərdə olmaqla, regionun hər yerində yaradılıb. Naxçıvanda bir neçə nəfər işçisi olan kiçik sahibkarlıq subyektlərindən tutmuş yüzlərlə işçisi olan iri müəssisələr də fəaliyyət göstərir. Bu müəssisələrin hamısının ümumi bir cəhəti isə ondan ibarətdir ki, onlar yeni dövrün tələbləri, yüksək texnologiyaların tətbiqi və müasir standartlar əsasında işləməklə təkcə muxtar respublikamız üçün deyil, ölkəmizin və dünya bazarının tələbatlarının ödənilməsi baxımından çox faydalı olan məhsullar istehsal etmək gücünə malikdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB