"Azərbaycanda rayonların birləşdirilməsi vacibdir. Ərazi baxımdan elə də böyük ölkə olmadığımızdan burada birmənalı olaraq bu qədər sayda rayonların olması məqbul deyil". Bu barədə SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, rayonların birləşdirilməsi həm xərclərə qənaət edilməsi, həm də daha çevik idarə etmə baxımından mühüm əhəmiyyətə malik ola bilər: "Rayonların birləşdirilməsi biznes mühitinin yaxşılaşdırılmasına da imkan yaradacaq. Bildiyiniz kimi Prezident İlham Əliyevin rayon icra hakimiyyəti başçılarına xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tapşırıqlar verib. Ölkə başçısı hər bir rayon rəhbərinin öz rayonuna cəlb olunan investisiyalarda məsul olduğunu bildirib. Bu baxımdan da rayonların birləşdirilməsi həm idarəetmənin şəffaflaşdırılması, həm də səmərəliliyin artmasına imkan verəcək ki, bu da nəticədə büdcə vəsaitinə qənaətin edilməsi, ölkəyə daxil olan investisiyaların həcminin artması, yerli investisiya qoyuluşlarının çoxalmasına imkan yaradacaq".
V. Bayramov qeyd edib ki, ölkədə mövcud inzibati ərazi bölgüsündə rayonlarının 20-yə qədər azaldılması mümkündür: "Praktiki olaraq ölkəmizdə 20 rayonun olması büdcədən ayrılan vəsaitlərə qənaət edilməsi, qərarların daha çevik qəbul edilməsi, idarəetmədə şəffaflıq və səmərəlilik artması üçün kifayət edir. Bu, eyni zamanda mərkəzi dövlət qurumlarının rayon nümayəndəliklərinin avtomatik olaraq azalmasına gətirib çıxaracaq və vəsaitlərə qənaət edib onların digər istiqamətlər üzrə xərclənməsinə imkan yaradacaq. Rayonların birləşdirilməsi dedikdə söhbət ərazi idarəetmə vahidinin yaradılmasından gedir. Azərbaycanda 10 iqtisadi rayon var və ərazilər həmin iqtisadi rayonlara uyğun olaraq bölüşdürülər bilər. Böyük bölgələrdə bir neçə inzibati ərazi vahidinin yaradılması da mümkündür. Bizim qiymətləndirmələrimiz göstərir ki, 10 iqtisadi rayonda 2 ərazi inzibati vahidi yaradıla bilər ki, bu da nəticə etibarı ilə rayonların 20 inzibati bölgədə birləşməsinə imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB