Azərbaycan OPEC-ə üzv ola bilər? EKSPERT RƏYİ

Azərbaycan OPEC-ə üzv ola bilər? EKSPERT RƏYİ

"OPEC-lə əməkdaşlıq lazımdır. O baxımdan ki, hazırda dünya bazarlarına təklif olunan neftin böyük əksəriyyəti OPEC-ə aiddir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Dünyada böyük həcmdə neft hasilatçılarının OPEC-də birləşdiyini deyən R. Həsənov söyləyib ki, bu qurumla əməkdaşlıq xüsusilə də son dövrlərdə əmtəə və neft birjalarında qiymətlərin gələcək dövr üçün proqnozlaşdırılan səviyyədə müəyyənləşdirilməsinə öz təsirini göstərə bilər.

Azərbaycanın bu quruma üzv olması ehtimalından söz açan iqtisadçı-ekspert söyləyib ki, ölkəmizin sözügedən quruma üzv olmasına ehtiyac yoxdur: "OPEC neft bazarında tələbə və təklif arasında balansın təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və OPEC arasında münasibətlər ölkəmizin növbəti dövrlər üçün neftin qiymətinin artırılması istiqamətində bu qurum tərəfindən veriləcək qərarlara dəstəyin nümayiş etdirilməsi, eləcə də qurum üzvlərinə hər hansı bir formada təsirlər təşviq edilməsi, yanaşmaların ortaya qoyulması baxımından əsasdır. Lakin ölkəmiz hazırda kiçik neft hasilatı ölkələrindən sayıldığı üçün qurumda söz sahibi ola bilməz. Bundan başqa Azərbaycanın OPEC-ə daxil olması məsələsi hazırda nə gündəmdədir, nə də ölkəmizin buna ehtiyacı var".

"Ümumilikdə götürdükdə isə, hazırda OPEC əvvəlki cəlbediciliyini itirib. Hətta qəbul etdiyi qərarlara bazar ictimaiyyəti tərəfindən etibarlılıq aşağı düşüb. Bir çox liderlər OPEC-in qərarlarına ciddi inanmır, hətta bu quruma üzv olan ölkələrin belə onun qəbul etdiyi qərarlara əməl etmədiyi ilə rastlaşırıq. Belə bir şəraitdə Azərbaycanın OPEC-ə üzv olması, ölkəmizə müəyyən qərarların qəbul edilməsində sərbəstliyin məhdudlaşdırılmasından başqa heç nə verə bilməz"- deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə