İsrail səfiri Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatında FOTOLAR

İsrail səfiri Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatında FOTOLAR

Sentyabrın 6-da İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-nin çay plantasiyalarına baş çəkib. Hörmətli qonağı təsərrüfatın direktoru Araz Yağubov və müəssisənin bir qrup işçisi qarşılayıb.

Müəssisənin direktoru Araz Yağubov cənab səfir Stav Dana təsərrüfatın yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə edilmiş uğurlar və gələcək planları barədə geniş məlumat verib. Bildirib ki, çayçılıq sahəsində fərəhli nəticələr əldə edilib, qısa müddətdə çay sahələrinin həcmi 61 hektara çatdırılıb. Bunun 42 hektarında artıq yaşıl çay yarpağı yığımına başlanıb. Cari ildə sahələrdən 50 tona yaxın məhsul dərilib. Yığılan çay yarpağının bir hissəsi təsərrüfatın mini emal sexində emal edilərək qablaşdırılıb. Ekoloji cəhətdən təmiz çay məhsulu mütəxəssislər və alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Burada gələcəkdə çay sahələrini daha da genişləndirmək və "Çay emalı kompleksi"nin tikilməsi nəzərdə tutulur.

Səfir Stav Dan Azərbaycanda sahibkarlıq üçün yaradılan şəraitdən məmnun olduğunu, bunu "Yaşıl çay" fermer təsərrüfatının timsalında əyani şəkildə gördüyünü bildirib.

Sonda qonaqlara "Yaşıl çay"FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim edilib.

Çay plantasiyalarının önündə xatirə şəkilləri çəkdirilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə