"Zaminlər öhdəlikləri yerinə yetirməyə məcburdurlar" EKSPERT RƏYİ

"Zaminlər öhdəlikləri yerinə yetirməyə məcburdurlar" EKSPERT RƏYİ

"Azərbaycanda zaminlər haqqında öhdəliklər həm "Kredit haqqında" qanununda, həm də Mülki Məcəllədə öz əksini tapıb. Qanunun tələblərinə görə, zaminlər krediti ödənilməyən borc qarşısında birbaşa olaraq krediti götürənin özü kimi məsuliyyət daşıyırlar. Bu baxımdan bir çox banklar kredit ödənilmədikdə zaminlərə təzyiq etməyə başlayırlar". Bu fikirləri SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov problemli kreditlərdə zaminlərin daha çox məsuliyyətə cəlb olunmasına münasibət bildirərkən deyib.

"Kredit borclarını zaminlərin əmək haqlarına yönəltmək daha asan başa gəlir"

Onun sözlərinə görə, kreditlər bir çox hallarda rəsmi gəlirlərini təsdiq edə bilməyən müştərilərə, əmək haqqını kartla və ya rəsmi dövlət qulluğunda çalışan zaminlər olduğu halda verilir: "Belə olan halda, banklar üçün zaminlərə təzyiq etmək və kredit borclarını həmin zaminlərin əmək haqlarına yönəltmək daha asan başa gəlir. Kredit alarkən hər hansı bir gəliri ilə bağlı ciddi sənəd təqdim etməyən müştəri biznes fəaliyyəti ilə bağlı kredit alıbsa və hazırda biznesi çöküb və girovu da yoxdursa, təbii ki, onun borclarının yönəldiləcəyi yeganə istiqamət məhz zaminlərdir. Bu baxımdan banklar çətinlik çəkmədən bu istiqamətdə qərarlar qəbul edirlər ki, bunun səbəbindən hazırda zaminlər çox ciddi şəkildə təzyiq altındadırlar".

"Bundan sonra insanların bir-birinə zamin durması halları azalacaq"

R. Həsənov qeyd edib ki, ölkəmizdə zaminlərlə bağlı problem xüsusilə 2015-ci ilin ortalarından daha çox qabarmağa başladı: "Bundan əvvəlki dövrlərdə bəzi banklar səhlənkarlıq edərək rəsmi şəkildə fəaliyyət göstərən bir nəfərin bir neçə müştəriyə zamin durması üçün şərait yaradırdılar. Belə olan halda, hər kəs zamin dura bilirdi. Lakin o zaman kreditlərin ödənilməsində böyük problem olmadığı üçün bu cür hallar ictimailəşdirilmirdi. İnsanlar zaminlərin öhdəliyi ilə bağlı kifayət qədər məlumatlı olmadığı üçün bu məsələyə biganə yanaşırdılar. Lakin hazırda problemli kreditlər çoxluq təşkil etdiyi üçün hesab edirəm ki, proses daha da dərinləşə bilər. Amma bir məsələ var ki, bundan sonra insanların bir-birinə zamin durması halları azalacaq ki, bu da zaman–zaman problemin səngiməsinə gətirib çıxaracaq. Amma hazırda bu problemlə bağlı nə qanunvericilikdə hər hansı dəyişikliyin edilməsi, nə də zaminlərin bu öhdəlikdən boyun qaçırması mümkün deyil"

"Zaminlər öhdəliklərindən boyun qaçıra bilməzlər"

"Çox təəssüf ki, bəzən kredit götürən şəxslər müqavilə şərtləri ilə tanış olmaq istəmir. Belə olan halda, onlar nə özünün nə də qarşı tərəfin öhdəliklərini bilmirlər. Bu məsələ zaminlərə də aiddir. Bəzən insanlar elə düşünür ki, kredit aldığı bankdan şərtlər haqqında söz soruşsa, o zaman həmin bank kredit verməkdən imtina edə bilər. Nəzərə alaq ki, kredit götürərkən müqavilə əsasdır və imza atılıbsa, orada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi də məcburidir. Zaminlər bundan imtina edib, boyun qaçıra bilməzlər. Hesab edirəm ki insanlar bundan sonra daha ehtiyatlı davranacaqlar" – deyə, R. Həsənov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə