Xəzərdə üçtərəfli əməkdaşlıq hansı istiqamətləri əhatə edə bilər? ŞƏRH

Xəzərdə üçtərəfli əməkdaşlıq hansı istiqamətləri əhatə edə bilər? ŞƏRH

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı sammitində Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi də müzakirə mövzusu oldu.

İqtisadçı ekspert Vüqar Bayramov SİA-ya açıqlamasında tərəflərin Xəzərdə hansı istiqamətdə əməkdaşlıq edə biləcəyini şərh edib.

O bildirib ki, Azərbaycan, İran və Rusiyanın ayrı-ayrılıqda enerji layihələri olsa da, birgə enerji layihəsi demək olar ki, yoxdur:

"Baxmayaraq ki, Rusiya şirkətləri, xüsusilə Lukoyl Azərbaycanın enerji sektorunda aktivdir. İranın dövlət şirkəti də Azərbaycanın enerji sektorunda fəal olmağa çalışır. Amma bütün hallarda birgə üçtərəfli layihələrin icrası ilə bağlı əvvəlki dövrlərdə demək olar ki, razılıq əldə edilməyib. Praktik olaraq Bakı sammiti Xəzərdə belə üçtərəfli regional layihələrin icrasına imkan yaradır və bu, yeni mərhələnin formalaşdırılması deməkdir".

İqtisadçı hesab edir ki, tərəflərin Xəzərdə birgə enerji layihələrini həyata keçirmək imkanları var:

"Bu əməkdaşlıq özünü enerji layihələri ilə bağlı kəşfiyyat işlərinin aparılmasında, həmçinin enerji resurslarının hasil edilməsi və bazara çıxarılmasında göstərə bilər. Nəticədə tərəflər öz gəlirlərini artırmaq imkanlarına malik olacaqlar.

Xüsusilə yeni yataqların tapılması və işlənməsi ilə bağlı konkret addınmların atılması gözlənilir".

V.Bayramov növbəti istiqamət kimi Xəzər dənizinin faunasından birgə istifadəni qeyd edib:

"Nəzərə almaq lazımdır ki, Xəzər dənizi balıq istehsalına görə dünya balıq bazarında xüsusi yerə malikdir. Burada bir sıra balıq və dəniz heyvanları var ki, Xəzər dəniz hövzəsi onların istehsalında dünyada aparacı yerdədir. Bu istiqamətdə əməkdaşlıq gücləndirilə, konkret layihələr həyata keçirilə bilər. Nəqliyyatla bağlı da birgə layihələrin reallaşması gözlənilir. Nəqliyyat dəhlizi özünü təkcə dəmiryolu xəttinin inkişafında deyil, həm də Xəzər dənizindən istifadə etməklə birgə yüklərin daşınmasında göstərə bilər. Bununla dövlətlər gəlirlərini artıracaqlar.

Ekoloji layihələrin həyata keçirliməsi də müzakirə mövzusudur. Xəzərin ekoloji baxımdan qorunması, bu sahədə fəaliyyətin güclənməsi gözlənilir. Nəticə etibarilə üçtərəfli əməkdaşlıq yalnız enerji deyil, qeyri- enerji sektorunu da əhatə edəcək və tərəflər regional layihələrin icrasından faydalanmış olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə