Ekspert: “Neft ucuzlaşmaqda davam edəcək” AÇIQLAMA

Ekspert: “Neft ucuzlaşmaqda davam edəcək” AÇIQLAMA

"Aprel ayının əvvəlində OPEK və qeyri-OPEK ölkələrinin görüşündə hasilatın azaldılması ilə bağlı nəticəyə gəlinmədi. Orada rəsmi Səudiyyə Ərəbistanı bildirdi ki, İran buna getməsə, o da hasilatı azaltmayacaq. Digər tərəfdən iyun ayında OPEK-in iclasında kvotalara baxılmadı və dəyişilməz qaldı. Orada ancaq strukturun təşkilati məsələlərinə baxıldı. Nəticədə iyun ayının 9-dan neftin qiymətinin ucuzlaşması baş verdi. Neft artıq 20 faiz ucuzlaşıb". Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, mütəxəssislərin böyük əksəriyyəti bildirirlər ki, neftin qiymətinin ucuzlaşması sentyabrın sonuna qədər davam edəcək: "Hazırda neftin qiyməti 40-45 dollar səviyyəsindədir. Ancaq bu qiymət 40 dollardan da aşağı düşə bilər. Çünki dünyada neft ehtiyyatları çoxdur. Bu çoxluq, eyni zamanda Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, İraq, İranda hasilatın artırılması bazara təsir edir. İranda artıq 4,2 milyon barrel neft hasil edilir".

İ.Şaban qeyd edib ki, yay aylarının isti keçməsi neftə olan təlabatı artırmalı idi: "Ən böyük istehlakçı olan Şimal yarımkürəsi, Avropa və Amerikada havalar mülayim keçir. Nə Yaponiyada qeydə alınan 40 dərəcə isti, nə də Çinin bəzi əyalətlərindəki anomal hava şəraiti ümumi dünya fonunda neftin istehlakına təsir etmir. Tankerlər və ehtiyat anbarlarında neft satılıb, azalmayana qədər qiymət ucuzlaşmaqda davam edəcək. Ancaq ümumi proqnoza görə, 4-cü rübdə neftin qiyməti yenidən artmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə