"Post-neft dövrünün başlandığını nəzərə alsaq, 2016-cı il Azərbaycan üçün olduqca vacib ildir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
"2016-cı il Azərbaycan üçün kəskin islahatlar ili kimi xarakterizə olunur"
O bildirib ki, Ölkə prezidentinin qeyd etdiyi kimi 2016-cı il Azərbaycan üçün kəskin islahatlar ili kimi xarakterizə olunur: "Cari ilin 6 ayını nəzərdən keçirsək, burada ən əsas islahat gömrüklə bağlı oldu. Yanvar ayından başlayaraq gömrükdə brokerlərin ləğv edilməsi, xarici ticarətin ixrac və idxalının liberallaşması, süni baryerlərin aradan qaldırılması ilə bağlı mühüm addımlar atıldı ki, bu da sahibkarların öz məhsullarını daha sərbəst şəkildə xarici bazara çıxarması, eyni zamanda idxal etməsi baxımından vacib idi. Car ildə həyata keçirilən digər islahat ixraca tətbiq edilən subsidiyalarla bağlı idi ki, bu da birbaşa ixracatın stimullaşdırılması məqsədi daşıyırdı".
"Artıq qarşıdakı prioritetlər müəyyənləşib"
V. Bayramov söyləyib ki, "ASAN Xidmət" sahələrinin genişləndirilməsi, bir çox sahələrdə elektronlaşmanın davam etdirilməsi 2016-cı ilin ilk yarısının əsas islahatları kimi qiymətləndirilə bilər: "Artıq Azərbaycan kəskin islahatlar dövrünə qədəm qoyub və növbəti dövrlərdə bu, hədəf olaraq qalacaq. Car ildə görülən işlər islahatların ilin digər yarısında da həyata keçirilməsinə imkan verəcək. Növbəti dövrdə daxili bazarda idxaldan asılılığın aradan qaldırılması üzrə islahatlar davam edəcək. Artıq qarşıdakı prioritetlər müəyyənləşib və onlar həm 2016-cı ilin növbəti yarım ilində, həm də digər illərdə həyata keçiriləcək. Əsas islahatlar kiçik və orta sahibkarlığın dəstəklənməsi, iri müəssisələrinin, eləcə də sənayeləşmə ilə bağlı olacaq".
"Əsas məsələ qeyri-neft sektorunda artıma nail olmaqdan ibarətdir"
Neftin dünya bazarında ucuzlaşmasın kontekstində Azərbaycanın ÜDM-də azalma tempi müşahidə edildiyini deyən V. Bayramov söyləyib ki, hazırda ölkəmizdin qarşısında duran əsas prioritet məsələ qeyri-neft sektorunda artıma nail olmaqdan ibarətdir: "2016-cı ilin ilk yarısının son aylarında neftin qiymətində müəyyən stabilləşmə qeydə alınsa da, ümumilikdə qara qızılın qiyməti aşağı olaraq qalmaqdadır və növbəti illərdə də neftin qiymətində kəskin artımların olacağı gözlənilmir. Bu baxımdan Azərbaycan Prezidenti də bir neçə gün bundan öncə Nazirlər Kabinetinin cari ilin 6 aylıq yekunlarına dair həsr olunan müşavirədə neftdən asılılığın aradan qaldırılması dair islahatların aparılmasının mühümlüyünü qeyd etdi. Dövlət başçısının verdiyi tapşırıqlar da məhz həmin kəskin islahatların aparılmasına yönəlmişdi".
"Gələcək inkişaf aparılacaq islahatlardan asılı olacaq"
"Ümumilikdə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı aparılacaq islahatlardan asılı olacaq. Əgər işlər Ölkə rəhbərinin müəyyən etdiyi istiqamətlər üzrə davam etsə, qeyd olunan məsələlər həyata keçsə, o zaman biz növbəti illərdə ölkə iqtisadiyyatında stabilləşməyə nail ola bilərik" - deyə, iqtisadçı-ekspert əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB