"Azərbaycan beynəlxalq yük daşımalarda strateji dəhlizə çevriləcək" AÇIQLAMA
"Azərbaycan tranzit yüklərin daşınmasını artırmaq üçün daha bir önəmli addım atdı. Dövlət başçısının fərmanı ilə dəmiryolu vasitəsilə ölkəyə gətirilən və üçüncü ölkələrə yük maşınları ilə daşınan yüklərə görə nəqliyyat icazə haqqı və yol vergilərinin ödənişi üç il müddətinə dayandırıldı. Tranzit yükdaşımalarında vahid pəncərə sisteminin tətbiqindən sonra atılan bu addım, Azərbaycanı beynəlxalq yük daşımalarında strateji bir dəhlizə çevirəcək". Bu fikirləri SİA-ya açıqlamasında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Ekspertin sözlərinə görə, iyun ayının 1-dən etibarən Azərbaycan ərazisindən daşınan tranzit yüklərə görə bir avtomobil üçün 600 ABŞ dolları icazə haqqının və yük maşınındakı oxların sayına görə müəyyən edilən yol vergisinin alınmaması, yükdaşıyanların xərclərinin kifayət qədər azalmasına və nəticə etibarilə daşınan yüklərin maya dəyərinin aşağı düşməsinə, ölkəmizin ərazisinin isə tranzit yüklərin daşınması üçün daha cəlbedici olmasına gətirib çıxaracaq: "Dünyada gedən iqtisadi böhran şəraitində bölgədə yerləşən ölkələr tranzit yüklərin həcmini artırmaq üçün güclü rəqabət aparırlar. Bu rəqabətdə ən iddialı ölkələrdən biri də məhz Azərbaycandır. Şərqdən qərbə, şimaldan cənuba və əksinə tranzit yüklərin daşınması üçün Azərbaycanın coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Bu gün biz ölkəmizin bu imkanlarından daha səmərəli istifadə etmək yolunu seçmişik. Hesab edirik ki, yaxın gələckdə bu sahədə daha ciddi uğurlara imza atılacaq".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 212.6-cı maddə əlavə edilib:
"212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:
212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB