"Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı atılan addımlar onların gəlirlərinin bəyan edilməsi məqsədi daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
F. Yusifov vəzifəli şəxslərə gəlirləri ilə yanaşı, xərcləri bəyan edən sistemin tətbiq edilməsi təklifini irəli sürüb: "Bir çox ölkələrdə bu sistem var. Xüsusilə də bizə qonşu dövlətlərdə, eləcə də Rusiyada bu sistem tətbiq olunur. Məmur gəlirləri ilə yanaşı xərclərini də bəyan etməlidir. Bununla da məmurun gəlir və xərcləri arasındakı uyğunluq üzə çıxmış olur. Dövlət məmurunun aldığı əmək haqqı və gəlirləri hər kəsə məlumdur. Əgər o çox bahalı avtomobildə gəzir, mənzildə yaşayırsa, o zaman onun aldığı əmək haqqı ilə daşınan və daşınmaz əmlaklarının dəyəri arasında böyük uyğunsuzluq varsa, təbii ki həmin məmur bunların hansı mənbələr hesabına əldə etdikləri barədə məlumat verməlidir. Dövlət məmurları bizneslə məşğul ola bilməz. Bu baxımdan vəzifəli şəxslərin maliyyə hesabatlarını təqdim etməsini yüksək qarşılayıram. Əgər bu sistem nəzərdə tutulduğu kimi həyata keçirilərsə, o zaman bu addım ölkədə korrupsiya və rüşvətxorluğun qarşısının alınması istiqamətində ciddi irəliləyişin əldə olunmasına səbəb ola bilər".
Onun sözlərinə görə, maliyyə hesabatları bütün vəzifəli şəxslər tərəfindən təqdim edilməlidir: "Burada ayrı-seçkilik ola bilməz. Dövlət məmuru olan, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan bütün rəhbər şəxslər öz gəlirləri haqqında hökumətə məlumat təqdim etməlidirlər. Əgər məmur maliyyə hesabatında öz xərclərini real şəkildə göstərəcəksə, o zaman onun gəlirlərinin mənbəyi də məlum olacaq. Burada əsas məqsəd məhz belə neqativlərin aradan qaldırılmasıdır".
Ekspert vurğulayıb ki, vergidən yayınmaq hallarının qarşısının alınması istiqamətində özəl şirkətlərin rəhbər şəxsləri gəlirləri haqqında yalnız vergi qarşısında məlumat verməlidirlər: "Lakin onların xərclərinə heç kim qarışa bilməz".
Qeyd edək ki, Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2016-2018-ci illərdə dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanmasını təmin etməlidir. Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Milli Fəaliyyət Planına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa da bu işlərin həyata keçirilməsində iştirak etmək tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB