“Azneft” İstehsalat Birliyində tədbir

Zərərli istehsalat amillərinin minimuma endirilməsi məsələsi müzakirə olunub

"Azneft" İstehsalat Birliyində 2016-cı ilin birinci rübü ərzində zərərli istehsalat amillərinin minimuma endirilməsinə dair iclas keçirilib. SİA-nın məlumatına görə, Birliyin Baş direktoru Daşqın İskəndərov iclası giriş sözü ilə açaraq, 2016-cı ilin birinci rübü ərzində istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

D.İskəndərov bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Bildirilib ki, zərərli istehsalat amillərinin ətraf mühitə və insan sağlamlığına təsirinin minimuma endirilməsi ilə əlaqədar beynəlxalq standartların tələblərinə cavab verən yeni avadanlıqlar, qurğular alınır və istehsalat sahələrində tətbiq edilir.

Baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov əməyin mühafizəsi sahəsində görülən işlər haqqında hesabatla çıxış etmiş, struktur vahidlərində mütəmadi yoxlamaların aparıldığını, aşkar olunmuş nöqsan və pozuntu hallarının qısa zamanda aradan qaldırıldığını qeyd edib.

Baş direktorun ekologiya üzrə müavini Faiq Cəfərov hesabat dövründə ətraf mühitin mühafizəsi, o cümlədən lay sularının qapalı sistemdə utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, mədən ərazilərinin abadlaşdırılması, bərk məişət tullantılarının zərərsizləşdirilməsi, qapalı yuma qurğularının quraşdırılması, dəniz neftçilərin su təminatının yaxşılaşdırılması və neft-mədən ərazilərində yaşıllıqların salınması sahəsində görülən işlərdən danışıb.

Baş direktor Daşqın İskəndərov yekun nitqi söyləyərək "Azneft" İB-də keyfiyyətli idarəetmə sisteminə keçidin, təhlükəsiz iş şəraitinin yaradılması məsələsinin vacibliyini vurğulayıb. O, qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə istehsalat sahələrində mütəmadi yoxlamaların keçirləcəyini bildirib, mümkün qəzalar zamanı işçilərin idarəedilməsi istiqamətində bütün lazımi maarifləndirici tədbirlərin, praktiki təlimlərin keçirilməsi ilə əlaqədar konkret tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...