“Pensiyaçılara kredit götürməyin tamamilə qadağan ediləcəyi inandırıcı deyil” MÜNASİBƏT

"Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinə qadağa qoyması heç də səbəbsiz deyil. Burada bir çox sui-istifadə halları mövcud idi. Yəni, belə kreditləri bir qayda olaraq, pensiyaçıların adından onlar özləri deyil, övladları və qohumları götürürdülər. Çox güman ki, son zamanlar bu yolla kredit götürən pensiyaçıların sayı artdığından, mövcud vəziyyətin tənzimlənməsi zərurəti yaranıb. Bu səbəbdən də Maliyyə Bazarlarına Nəzarət Palatası məsələni araşdırmağa qərar verib". Bu fikirləri SİA-ya "Ekonomiks" İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Fikrət Yusifov Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kredit verilməsi ilə bağlı banklara qoyduğu qadağaya münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, pensiyaçılara kredit götürməyin tamamilə qadağan ediləcəyi inandırıcı görünmür və yəqin ki, belə kreditləri almaq üçün xüsusi kriteriyalar işlənib hazırlanacaq ki, bu məsələdə pensiyaçıların adından kimlərinsə sui-istifadə etməsinə yol verilməsin: "Dövlət pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bütün mümkün olan addımları atır. Son dəfə bu ilin fevral ayında ölkə Prezidentinin məlum qərarı ilə bütün pensiyaçıların təqaüdü 10% artırıldı. Neftin qiymətlərinin kəskin azaldığı bir dönəmdə heç bir neft ölkəsində belə addım atılmayıb. Hesab edirəm ki, ölkənin iqtisadi imkanları genişləndikcə dövlət bundan sonra da belə addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə