Tikinti və infrastruktur obyektləri ilə bağlı qanun təsdiqləndi

Prezident İlham Əliyev "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb. Nazirlər Kabinetinə həmin qanunun 4-cü maddəsinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmanla müəyyən edilir ki:

- "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunun 2.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir;

- həmin qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə