"OPEK və Rusiya başda olmaqla neft hasil edən ölkələrin son bir ilə qədər vaxt ərzində neftin qiymətlərini sabitləşdirmək məqsədilə, onun hasilatını azaltmaq barəsindəki danışıqları nəticəsiz qalır. Əvvəlcədən nəzərdə tutulmuş bu görüşlər, bəzən hansısa səbəbdən baş tutmur, bəzən də danışıqlar hər hansı bir razılıq əldə olunmadan yekunlaşır. Məsələyə bir qədər dərindən yanaşılsa, bütün bu proseslərin nə qədər siyasi xarakter daşıdığı tam aydınlığı ilə ortaya çıxar". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Fikrət Yusifov Doha sammiti barədə danışarkən deyib.

O bildirib ki, hər dəfə bu danışıqlar OPEK-in əsas söz sahibi, ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi, Səudiyyə Ərəbistanı tərəfindən bu və ya digər bəhanələrlə pozulur: "Dünən, aprelin 17-də də eyni hadisə baş verdi. Səudiyyə Ərəbistanı heç nədən, görüşdə neft hasil edən digər OPEK ölkələrinin də iştirakının vacibliyini bəhanə gətirərək danışıqları pozdu. Halbuki, hər kəsə, o cümlədən Səudiyyə Ərəbistanına da əvvəlcədən bu görüşdə hansı ölkələrin iştirak edəcəyi bəlli idi. İran isə neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə - yəni gündəlik 4 milyon barrelə çatdırdıqdan sonra onu artırmayacağı barədə öhdəlik götürdüyündən, bu görüşdə iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Belə olan halda sual olunur. Əgər bu görüşün iştirakçılarının azlığı hansısa bir tərəfi qane etmirdisə, buna əvvəlcədən münasibət bildirmək olmazdımı? Bu səbəbdən danışıqlar pozulacaqdısa, onda Dohaya yığışmağın nə mənası var idi? Deməli, neftin qiymətlərinin siyasi motivlərinin yekunlaşmağa doğru getməsi barədə səslənən fikirlər hələ ki, real deyil. Real olan isə odur ki, qiymətlər ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir. OPEK-in üzvü olan ölkələrin və digər neft ölkələrinin iştirakı ilə dünənki görüş də bu həqiqəti bir daha təsdiq etdi".

Ekspert qeyd edib ki, Azərbaycan neft ölkəsi olaraq dünya bazarlarında neftin qiymətlərinin artmasının tərəfdarıdır: "Son aylar ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafı istiqamətində atılan ciddi addımların yaxın bir-iki ildə müsbət nəticələr verəcəyi, heç kəsdə şübhə doğurmur. Lakin bu müddət ərzində neftdən daxil olan möhkəm valyutanın həcminin çox olması bizə bu prosesləri daha sürətlə aparmaq imkanı vermiş olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə