Azərbaycan neft hasilatını dondurur? Ekspert ŞƏRHİ

Azərbaycan neft hasilatını dondurur? Ekspert ŞƏRHİ

İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın neft hasilatının dondurulması ilə bağlı yazılanlara aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən ekspert bildirib ki, burada söhbət neft ixracatının dayandırılmasından deyil, neft ixracatının yanvar səviyyəsində dondurulmasından gedir.

Azərbaycanın neft hasilatını davam etdirəcəyini dilə gətirən V. Bayramovun sözlərinə görə, dünya bazarında qiymətlərin tənzimlənməsi baxımından Azərbaycanda neft ixracatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulması mümkündür: "Əgər OPEC, o cümlədən də Rusiya və İran bununla bağlı qərar qəbul edərsə, o zaman Azərbaycanın da neft ixracatını yanvar ayı səviyyəsində dondurması gözləniləndir. Nəzərə alaq ki, OPEC, eləcə də OPEC-ə üzv olmayan digər ölkələr neftin dünya bazarındakı qiymətinin tənzimlənməsi üçün neft ixracatının dondurulması təklifi ilə çıxış ediblər".

Ekspertin fikrincə, Azərbaycan üçü neft ixracatının dondurulması məqbuldur: "Çünki bu addım birmənalı şəkildə bazarda neftin qiymətinin stabilləşməsinə, eləcə də neftin bahalaşmasına təsir edə bilər. Bunun Azərbaycan üçün hər hansı neqativ tərəfləri yoxdur. Ən azı ona görə ki, Azərbaycan ümumiyyətlə yaxın zamanlarda neft hasilatını və ixracatını artırmaq niyyətində deyil. Hasilatın artırılması nəzərdə tutulmadığı üçün indiki məqamda ixracatın dayandırılması Azərbaycanın əvvəlki aylarda həyata keçirdiyi ixracatı davam etdirməyə imkan verəcək. Bu addım həm də dünya bazarında neftin qiymətinin tənzimlənməsinə psixoloji təsir göstərəcək. Bu gün əsas məqsəd dünya bazarda neftin qiymətinin tənzimlənməsi və stabilləşməsindən ibarətdir ki, bunun üçün də istər OPEC, istərsə də qeyri-OPEC ölkələri hasilatıın dondurulması ilə bağlı qərar qəbul edirlər. SOCAR, eləcə də Azərbaycanın neft hasilatının yanvar ayı səviyyəsində dondurması ölkənin gəlirlərinə mənfi təsir göstərməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə