Məhsullarımız niyə xaricə bazara çıxarılmır? SƏBƏBLƏR

Məhsullarımız niyə xaricə bazara çıxarılmır? SƏBƏBLƏR

"Bu gün Azərbaycanın bütün imkanlarını nəzər alaraq deyə bilərik ki, ölkəmiz xaricə daha çox kənd təsərrüfatı məhsullarının emalından alınan, neft xammalından istifadə etməklə neft kimya sənayesi məhsullarını ixrac edə bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Onun sözlərinə görə, əgər Azərbaycanın xarici ticarət strukturuna baxsaq, neftdən sonra daha çox xaricə məhsul göndərdiyimiz sahənin kənd təsərrüfatı olduğunu görmək mümkündür: "Bu sahənin daha da inkişaf etməsi üçün iki istiqamətdə ciddi işlər görmək olar. Bura kənd təsərrüfatı məhsullarının ənənəvi bazarlara ixracı ilə yanaşı, ekoloji təmiz məhsulların ixracının artırılması daxildir. Ekoloji təmiz məhsulu digər bazarlara ixrac etməklə əlavə gəlir əldə edə etmək yanaşı, gələcəkdə Ümumdünya Ticarət Təşkilatına qoşulduqda subsidiyaları azaldın tələbindən azad olmuş olarıq. ÜTT-nin yaşıl zənbil məsələsi var ki, əgər biz kənd təsərrüfatı sahəmizi buna uyğun inkişaf etdirmiş olsaq, o zaman bu sahəyə istənilən qədər subsidiya ayıra bilərik. Ümumiyyətlə, kənd təsərrüfatı istehsalını artırıb, ənənəvi bazarlara daha çox məhsul ixrac etmək, eləcədə ekoloji təmiz məhsulun ixracını artırmaqla biz Azərbaycana xeyli dərəcədə əlavə valyuta cəlb edə bilərik".

Millət vəkili kənd təsərrüfatı məhsullarının indiyədək xaricə ixrac edilməsinə mane olan səbəbləri də açıqlayıb. O qeyd edib ki, indiyə qədər bu sahənin inkişafına mane olan səbəblərdən biri ətalətin bu sahədə də özünü göstərməsidir: "Dünyanın 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması o deməkdir ki, ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Lakin həmin imkanlardan istifadənin səmərəliliyi, əmək məhsuldarlığı, müasir texnologiyaların tətbiqi imkanları aşağıdır. Əvvəllər aqrar islahatlar zamanı torpaqlar kolxoz, sovxoz adı ilə dövlətin monopoliyasında idi. Daha sonra torpaqları o qədər xırdaladırlar ki, həmin torpaqlarda yüksək məhsuldarlıq əldə edib, xaricə məhsul çıxarmaq imkanları çox aşağı düşdü. Hazırda dünya təcrübələrindən istifadə edərək əmək məhsuldarlığını artırmaq, yeni texnologiyalar tətbiq edib, əkinçilik mədəniyyətini yüksəltmək lazımdır".

Ə. Məsimlinin fikrincə bu sahənin inkişafına mane olan səbəblərdən biri də sözügedən sahəyə yetəri qədər kredit və subsidiyaların ayrılmamasıdır: "Kəndlilərə verilən kredit və subsidiyalara baxsaq görərik ki, hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların, sərmayənin çox az hissəsi kənd təsərrüfatı məhsulu emalı ilə bağlı sahələrə, yeyinti və yüngül sənayeyə yönəldilir. Bu sahələrə yönəldilən sərmayə və kreditlər həmin sahənin investisiya tələbatından qat-qat aşağıdır. Bu baxımdan düşünürəm ki, təmiz sərmayə, təmiz nəticə prinsipinə keçmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə