İlham Şaban: “Ermənistan qaz təminatında Rusiyadan asılıdır” AÇIQLAMA

“Ermənistanın qazla təmin olunmasında Rusiyadan başqa alternativi yoxdur”

İrəvan Rusiyadan çox incimiş görünürdü. Çünki aprelin 7-8-də İrəvanda keçirilməsi nəzərdə tutulan Avrasiya İttifaqı hökumət başçılarının zirvə toplantısı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə nəinki təxirə salındı, həmçinin onun keçirilmə yeri də dəyişdirilərək Moskvaya təyin edildi. İrəvan isə bunu heç gözləmirdi. Bu baxımdan Rusiyanın Ermənistana satılan qazı 9 faiz ucuzlaşdırması Dmitri Medvedyevin İrəvana "əliboş getməməsi" prinsipinə daha uyğundur". Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, Ermənistana satılan qazın qiymətinin aşağı salınması məsələsi rəsmi İrəvan tərəfindən Rusiyadan hələ martın əvvəlində xahiş edilmişdi: "Bu da onunla əsaslandırılmışdı ki, həm dünyada, həm də regionda qazın qiymətləri 2016-cı ildən azalmağa başlayıb. Ona görə də Rusiya Baş nazirini İrəvana səfərində "Qazprom" şirkətinin sədri Aleksey Miller müşayiət edirdi və sonda belə bir razılıq haqda bəyanat verildi".

Ekspert qeyd edib ki, Ermənistanın qazla təmin olunmasında Rusiyadan başqa alternativi yoxdur: "İranın Ermənistanı qazla təmin etməklə bağlı verdiyi bəyanatlar həqiqətə uyğun deyil. Bunun üçün İran qazını daşıyacaq böyük kəmər yoxdur və yaxın zamanlarda gündəmə gəlməsi də planlaşdırılmır. Ermənistanın magistral qaz kəmərləri isə Rusiyanın mülkiyyətindədir. Qısası, Ermənistan qaz təminatında Rusiyadan asılıdır. Digər tərəfdən isə Ermənistan İran qazını barterlə alır. Yəni işğalçı ölkənin maliyyə vəsaiti ödəməklə İrandan birbaşa qaz almaq imkanı yoxdur. Elektrik enerjisinin istehsalı isə yenə də dolayı yolla Rusiyanın nəzarəti altındadır. Yəni, Ermənistanın Rusiyaya etiraz edə biləcək imkanı limitlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə