İlham Şaban: "Yeni texnologiyaların tətbiqinə ehtiyac duyulur" AÇIQLAMA

İlham Şaban: "Yeni texnologiyaların tətbiqinə ehtiyac duyulur" AÇIQLAMA

"Muradxanlı" yataqlar bloku Azərbaycanda hazırda ehtiyatları çətin çıxarıla biləcək yataqlara aid edilir. Ona görə də həmin yataqlardan ənənəvi metodlarla neft hasilatı getdikcə həm mürəkkəbləşir, həm də azalır. Hazırda blokdakı yataqların hamısından sutkalıq cəmi 350 barel, yəni illik olaraq 17 min ton neft hasil edilir. Bu baxımdan sözügedən blokdan hasilatın artırılması üçün yeni texnologiyaların tətbiqinə ehtiyac duyulur". Bu fikirləri SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O qeyd edib ki, bu sahədə mütərəqqi texnologiyalara Kanadadakı özəl şirkətlər daha çox yiyələniblər: "Onların əksəriyyəti kiçik olsalar belə, çətin çıxarıla bilən neft hasilatı üzrə ixtisaslaşıblar. Hesab edirəm ki, SOCAR və "Zenith Aran Oil Company Limited" şirkətləri arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş bir-neçə ildən sonra öz töhfəsini verəcək. Qiymətlər yüksəldikcə, investisiyaların artımı da intensivləşə bilər və nəticədə bu amil özünü hasilatda da göstərər ki, bundan qazanan həm Azərbaycan, həm də investor olar".

Qeyd edək ki, Sazişdə "Zenith" şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən "Muradxanlı", "Cəfərli" və "Zərdab" yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir. Yataqlardan həmçinin, az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə