"Cənub Qaz Dəhlizi iştirakçılarının sayı arta bilər" EKSPERT RƏYİ
"Cənub Qaz Dəhlizinin tikintisi dayanmayıb və bu iş davam edir. Layihənin maliyyələşdirilməsi sahəsində də heç bir problem yoxdur". Bu fikirləri SİA-ya "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı-ekspert Fikrət Yusifov Cənub Qaz Dəhlizi layihəsinin hazırkı vəziyyəti və gələcəkdə iştirakçı dövlətlərin sayının artma ehtimalı barədə danışarkən deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi iqtisadi və siyasi əhəmiyyəti baxımından son illərdə Azərbaycan hökumətinin reallaşdırdığı ən mühüm layihədir: "Bu günlərdə Azərbaycan hökuməti beynəlxalq maliyyə bazarlarında dəyəri bir milyard ABŞ dolları olan istiqraz vərəqələrini çox uğurla yerləşdirdi və bu vəsait Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi üçün istifadə ediləcək. Bu səbəbədən də layihənin vaxtında və tam maliyyələşdirilməsi bütün hallarda təmin ediləcək".
Digər ölkələrin bu layihəyə qoşulmasının nə dərəcədə real olması məsələsinə də toxunan Fikrət Yusifov İranın, Türkmənistanın, İraqın və hətta bəzi başqa Yaxın Şərq ölkələrinin gələcəkdə bu boru vasitəsilə öz qazını Avropaya nəql etmək şanslarının real olduğunu bildirib: "Bu meqalayihənin əhəmiyyəti və əhatə dairəsi kifayət qədər böyükdür. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçılarının sayı gələcəkdə arta bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB