“ADY” QSC-də DYƏT nümayəndə heyəti ilə görüş keçirilib

“ADY” QSC-də DYƏT nümayəndə heyəti ilə görüş keçirilib

Martın 16-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, görüşdə QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq və regional layihələrdə iştirakı, sərnişin daşınmasının inkişaf mərhələləri, texniki vasitələrin müasirləşdirilməsi, DYƏT-lə Azərbaycan Dəmir Yollarının əməkdaşlıq perspektivləri müzakirə olunub.

DYƏT-in sədr müavini Vuktor Jukov çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlıqdan məmnun qaldığını, DYƏT-in 60 illik yubileyinə həsr olunmuş Nazirlər Müşavirəsinin 44-cü iclasının Bakıda keçiriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə