"Azərbaycan Mərkəzi Bankının (AMB) üzən məzənnə rejiminə keçidi ilə bağlı qərar özünü doğrultdu". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov bildirib ki, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır: "Həmçinin Azərbaycanın strateji maraqlarına uyğundur. Azərbaycan manatının dayanıqlığı təmin edilməyənədək belə rejim davam edəcək. Əsas vəzifəmiz manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır".
AMB sədri "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarının geri çağrılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı məsələ ilə əlaqədar öz maraqlarını məhkəmə qaydasında qorumaq niyyətindədir: "Məhkəmə prosesi gedir. Təbii ki, məhkəmədə qəbul edilən qərar çərçivəsində öz maraqlarımızı qoruyacağıq".
E.Rüstəmov bankların konsolidasiyasına toxunaraq vurğulayıb ki, bu proses hələ tam başa çatmayıb: "Səhmdarlar yığıncaq keçirəndən sonra proses başa çatacaq. Hələ ki, 3 bank konsolidasiya prosesindədir və artıq niyyət protokolu imzalayıblar. Əvvəlcə onlar aktivlərin qarşılıqlı qiymətləndirmələrini aparmalıdırlar daha sonra rəy açıqlanacaq".
Elman Rüstəmov həmçinin onu da əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən banklar hərraclar vasitəsilə demək olar ki, ehtiyacları olan qədər həcmdə valyuta alırlar: "Hazırda hərraclar keçiririk və göründüyü kimi bazarda digər paralel proseslər yoxdur. Mərkəzi Bankın öz qrafiki var və o üzrə hərraclar keçirilir. Vəzifəmiz bankları valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır. 2016-cı ilin yenilənmiş dövlət büdcəsi artıq qəbul edilib və orada transfert proqramı nəzərdə tutlub. Bu, bazarı valyuta ilə təmin etməkdə əsas kanaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB