Misir səfiri İqtisadiyyat Nazirliyində olub

Misir səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat naziri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Suzan Gamil Nuh ilə görüşüb. SİA xəbər verir ki, görüşdə İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti 2015-ci ildə Misirdə keçirilmiş "Misirin iqtisadi inkişafı" mövzusunda Beynəlxalq Konfransda iştirak edib, Qəlubiyyə şəhərinin və Cənubi Sinay vilayətinin nümayəndələri ötən il Azərbaycanda səfərdə olmuş, Bakıda Azərbaycan-Misir işgüzar görüşü keçirilib. Ölkələrimizin energetika, ticarət və s. sahələrdə əməkdaşlıq etdiyini qeyd edən Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensialı diqqətə çatdırıb.

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Suzan Gamil Nuh ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, Misirin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Misir və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı qeyd edən səfir Misir iş adamlarının Azərbaycanda əczaçılıq sahəsinə və gübrə zavodunun tikilməsinə maraq göstərdiyini bildirib. Xanım Suzan Gamil Nuh Qahirə-Bakı hava reysinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Görüş çərçivəsində Hökumətlərarası Komissiyanın bu il Misirdə keçirilməsi nəzərdə tutulan 4-cü iclasına dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə