Dünyanın bir çox ölkəsində Maliyyə Ombudsmanı adlanan qurum mövcuddur. Bir neçə il bundan öncə ölkəmizdə də belə bir qurumun yaradılacağı ilə bağlı fikirlər səslənsə də, Maliyyə Ombudsmanı hələ də yaradılmayıb. Bunu nəzərə alaraq SİA indiki şəraitdə Maliyyə Ombudsmanının yaradılmasına ehtiyac varmı sualına cavab tapmağa çalışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə bir qurumun yaradılmasına ehtiyac olmadığını deyib: "Dövlət Başçısının müvafiq fərmanı ilə ölkəmizdə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Belə olan halda, düşünürəm ki, Maliyyə Ombudsmanının yaradılmasına ehtiyac yoxdur. Əgər palata yaradılmasaydı ola bilsin ki, Maliyyə Ombudsmanı yaradıla bilərdi. Maliyyə Ombudsmanının əsas vəzifəsi sahibkarların hüquqlarını müdafiə etməkdən ibarətdir. Lakin Palata bununla yanaşı, öz fəaliyyətində həm sığorta, həm bank, həm qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Bundan başqa, Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün Prezidentin fərmanları ilə Apellyasiya Şuraları yaradılıb. Bu qurumlar dövlət-sahibkar münasibətlərinin qurulmasında çox mühüm amil olacaq".

İqtisadçı ekspert Vüqar Bayramov isə söyləyib ki, Maliyyə Ombudsmanının yaradılması vacibdir və indiki dövrün tələbi kimi qiymətləndirilməlidir: "Maliyyə və Biznes Ombudsmanın yaradılmasının tərəfdarıyıq. Bir çox dünya ölkələrində Maliyyə Ombudsmanı fəaliyyət göstərir. Maliyyə Ombudsmanının yaradılması, iş adamlarının hüquqlarının pozulmasının qarşısını ala bilər və bununla da sahibkarların hüquqları tam olaraq qorunar. Dünya təcrübəsində hüquqlar yalnız insanın qanunla müəyyənləşdirdiyi hüquqlar deyil, eyni zamanda biznes, mülkiyyət, sosial hüquqları formasında da öz əksini tapır. Azərbaycana xarici investisiyanın cəlb edilməsi, yerli sahibkarların hüquqlarının qorunmasının olduqca vacib olması, Maliyyə Ombudsmanının yaradılmasının əhəmiyyətini daha da artırır. Bu qurum yalnız sahibkarların hüquqlarının qorunması üçün deyil, eyni zamanda xarici investisiyanın cəlb edilməsi və xüsusən də mülkiyyət hüququna dövlət səviyyəsində deyil, ombudsman səviyyəsində zəmanətin verilməsinə imkan yaradacaq. bütün bunları nəzərə alaraq deyə bilərik ki, Maliyyə Ombudsmanın yaradılması vacibdir və indi dövrün tələbi ikimi qiymətləndirilməlidir. Sözügedən qurumun yaradılması maliyyə məsələlərində yaranan anlaşılmazlıq hallarının aradan qaldırılmasına şərait yaratmaqla yanaşı, bütövlükdə insan hüquqlarının əhəmiyyətli hissəsi olan mülkiyyət, eləcə də sahibkarlıq hüquqlarının tam və daha geniş miqyasda zəmanətinə şərait yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB