Nazir: "Dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmalar azalıb"
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi davam edir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dəyişikliklərdən öncəki büdcə layihəsində neftin qiymətinin 50 dollardan götürülməsi, eləcə də dekabrda baş verən devalvasiya nəticəsində icmal büdcəsinin gəlir və xərclərində uyğunsuzluq yaranıb: "Manatın ucuzlaşması inflyasiya təzyiqini artırıb. Mövcud vəziyyəti nəzərə alaraq Prezident İlham Əliyevin göstərişi ilə büdcəyə yenidən baxılması və 3,7 milyon nəfərdən yuxarı vətəndaşın sosial müdafiəsinin gücləndirməsi üçün büdcədə əlavə maliyyə mənbəyinin yaradılmasi nəzərdə tutulub".
Nazir 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib: "2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2 faiz azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz – bənd çoxdur. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 36 553,0 min manat, fiziki şəxslərin gəlir vergisi 1080 000,0 min manat, Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 914 600,0 min manat, Neft Fondundan daxilolmalar 7 615 000,0 min manat proqnozlaşdırılıb".
S.Şərifov deyib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur: "Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.
Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır. Büdcənin 65,5 faizini cari xərclər, 24,9 faizi əsaslı xərclər, 9,6 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək. Məlum olub ki, əsaslı xərclər transmilli layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3.000.000.000,0 manat nəzərdə tutulub. Büdcənin kəsiri 25 milyon manat azaldılaraq ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcək. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.775.096.992,0 manat hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB