Son zamanlar mətbuatda avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində yanacağın düzgün vurulmaması və ya az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir. Yazılanlara görə, bu kimi hallar "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir. Şirkətdən SİA-ya daxil olan məlumata görə, "Azpetrol"dan redaksiyamıza daxil olan məlumatda deyilir ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər nəzərdə tutulur. Müştəri isə yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni, çənin boğazına kimi doldurulmasını istəyir: "Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni, boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən "VAZ-2107" markalı avtomobilə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasını bildirdikdə, həmin məntəqənin direktoru tərəfindən operatorun nə qədər yanacaq vurması məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır".
Şirkət iddia edir ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir: "Bu ölçmə cihazları rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür. Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın "Tatsuno" və Türkiyənin "Petposan" şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir".
Məlumatda qeyd olunur ki, "Azpetrol" müştərilərinə hər zaman yüksək xidmət göstərməyə və razı qalmalarına çalışır: "Biz onları hər zaman məmnun etmək istəyirik, yoxsa müştərilərimizi özümüzdən niyə incik salaq ki?! Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər. Yanacaq bazarında rəqabət olduğu halda, biz müştərilərimizi nədən itirək ki?!
Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimiz tərəfindən edilən hər hansı səhv və ya kobud hərəkətə görə şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB