Dövlət qulluğu ilə bağlı seminar keçirilib

Dövlət qulluğu ilə bağlı seminar keçirilib

2015-ci il 3-4 dekabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Komissiyası ilə birgə Avropa İttifaqının TAİEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində "Dövlət qulluğunda motivasiya və qulluqda qalma" mövzusunda seminar keçirib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd dövlət qulluğunda motivasiya sahəsində mövcud olan xarici təcrübənin iştirakçılarla bölüşdürülməsi, Azərbaycan və beynəlxalq təcrübənin müqayisəsi, dövlət qulluqçularının motivasiyası sahəsində aktual problemlər ətrafında müzakirələrin aparılması olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, son illər respublikamızda dövlət qulluğunu dünya standartları səviyyəsinə qaldırmaq və dövlət qulluğunda kadrlarla işi yeni strateji formada qurmaq üçün mühüm işlər görülüb. Bu strategiyanın kadr hazırlığının planlaşdırılmasını, eləcə də onların işə qəbulunu, qulluqda yüksəlişini, xidməti fəaliyyətlərinin qiymətləndirilməsini, əməyin ödənilməsini və digər məsələləri əhatə etdiyini qeyd edən V.Əsgərov, bu məsələdə dövlət qulluqçularının peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildiyini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

İki gün davam edən seminarda Avropa İttifaqı üzvü olan ölkələrin (Belçika İspaniya və Portuqaliya) dövlət qulluğuna məsul olan qurumlarının nümayəndələri, bu sahədə ixtisaslaşmış ekspertlər "Motivasiya nədir və o dövlət qulluğunda səmərəliliyin artırılmasına necə təsir göstərir?", "Xidməti fəaliyyətin qiymətləndirilməsi, məvacib və motivasiya", "Belçika Federal Dövlət Qulluğu sistemində təlim və təhsil motivasiya vasitəsi kimi", "Portuqaliyanın Dövlət idarəçiliyində motivasiya və xidməti fəaliyyət", "İqtisadi böhran zamanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiq edilməsinin çətinlikləri" və "Belçika Federal Dövlət Qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi, qulluqda qalma və yüksəlmə" mövzuları ilə bağlı təqdimatla çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb və mövzularla bağlı Azərbaycan təcrübəsi ekspertlərin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə