SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, noyabrın 25-də Ağstafa, Qəbələ və Tovuz rayonlarının daha 8 kəndinə təbii qaz verilib. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tovuz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 80 abonentlik Qaradaş kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 11042 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün Qəbələ rayonunun dörd kəndində də ilk dəfə "mavi alov" şölələnib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 1163 abonenti olan Yengicə, Tüntül, Nohurqışlaq və Vəndam kəndlərinin qazlaşdırılması zamanı 154427 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağstafa rayonunun Köçvəlli, Həzi Aslanov və Soyuqbulaqlar kəndləri isə uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş mərasimlərdə vurğulanıb ki, 312 abonenti olan kəndlərin qazlaşdırılması zamanı ümumilikdə 25876 metr uzunluğunda metal boru xətləri çəkilmiş, 312 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB