Dollar manata ciddi təsir edəcək Açıqlama

Dollar manata ciddi təsir edəcək Açıqlama

"Yumşaq şəkildə devalvasiyanın olması ehtimalı var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dünya bazarında dolların bahalaşması artıq Azərbaycan manatına öz təsirini göstərməyə başlayıb: "İlk psixoloji hədd olan 1.05 qəpik artıq hər gün bir az daha qalxır. Bu artım çox cüzi də olsa, hiss olunur. Bu onu deməyə imkan verir ki, dolların dünya bazarında bahalaşması Azərbaycana və manata ciddi təsir göstərəcək".

İqtisadçı bildirib ki, manatın ucuzlaşması prosesi yumşaq şəkildə davam edəcək: "Bu, xaricdən gətirilən ərzaq mallarının, geyim əşyalarının, məişət avadanlıqlarının, ümumilikdə tələbat yüksək olan malların qiymətinə birbaşa təsir edəcək. Həmin məhsulların qiymətində az da olsa artım müşahidə olunacaq".

Natiq Cəfərli manatın qiymətinə təkcə dolların bahalaşması deyil, eyni zamanda dünya bazarında neftin qiymətinin ucuzlaşmasının da ciddi təsir göstərdiyini vurğulayıb: "Yaxın gələcəkdə manatın yumşaq şəkildə dəyərdən düşməsinin şahidi olacağıq. Cüzi də olsa, bu özünü büruzə verəcək. Yəni kəskin şəkildə olmasa da, yumşaq şəkildə devalvasiyanın olması ehtimalı var".

Bütün xəbərlər Facebook səhifəmizdə