Naxçıvanda nağdsız ödənişlərin həcmi çoxalıb

Naxçıvanda nağdsız ödənişlərin həcmi çoxalıb

Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. 2014-cü ilin yanvar ayında qeydə alınmış 246 min 264 manatlıq nağdsız dövriyyə 2015-ci il 1 avqust tarixinə 1 milyon 194 min 40 manat həcmində müşahidə edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindən AZƏRTAC-a bildirilib ki, bunun da 863 min 57 manatı POS-terminallar, 330 min 983 manatı isə internet və digər ödəniş vasitələri ilə aparılıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 839 min 501 manat olub. Muxtar respublika ərazisində banklar tərəfindən yaradılan nağdsız ödəniş infrastrukturunun günbəgün genişləndirilməsi də bu artıma səbəb olan amillərdəndir. Əsas ödəniş alətlərindən sayılan ödəniş kartlarının sayı 2015-ci il 1 avqust tarixinə 214 min 108 ədəd təşkil edib ki, bu da muxtar respublika sakinlərinin hər iki nəfərindən birinin ödəniş kartı ilə təmin olunması deməkdir. Bu göstəricidə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan artım 18 min 797 ədəd təşkil edir. Digər əsas nağdsız ödəniş alətlərindən sayılan POS-terminalların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 333 ədəd artım qeydə alınıb. Cari il avqustun 1-nə POS-terminalların sayı Naxçıvan şəhərində 489, rayon və iri kənd mərkəzlərində isə 523 ədəd olmaqla, ümumilikdə 1012 ədəd təşkil edib.

Eyni zamanda, muxtar respublika ərazisində 54-ü Naxçıvan şəhərində, 41-i isə rayon və iri kənd mərkəzlərində olmaqla, 95 ədəd bankomat quraşdırılıb. Naxçıvan şəhərində quraşdırılmış 2 yeni MilliÖN (ödəniş nöqtəsi) terminalı da əhaliyə nağdsız əməliyyatları daha rahat və etibarlı şəkildə həyata keçirmələri üçün məsafəli bank xidmətlərini göstərməkdədir.

Ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız əməliyyatların həcmi 9 milyon 324 min 601 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 715 min manat çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə